Araşdırma
10
Dünən, 17:13

Vüsal Şiıderin sifarişli qətl işi - Məşhur məmurun kürəkəni hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əli-zadənin məhkəmə prosesi keçirilib.
Hakim Firdovsi Məmmədovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham aktını elan edib.

İttihama əsasən, hadisə 2 may 2013-cü il günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3B ünvanındakı evin qarşısında baş verib. Vüsal Şilderə yaxınlaşan Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən bıçaq zərbələri endirib. Aldığı xəsarətlər nəticəsində Qərb Universitetinin 23 yaşlı tələbəsi Vüsal Şilder hadisə yerində dünyasını dəyişib.

Hadisədən iki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Seymur Talıbov da 2 ay sonra saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar zamanı İsgəndərov və Talıbovun qətlin icraçıları olduğu, sifarişin isə Xəyal Əli-zadə tərəfindən verildiyi müəyyən edilib.

Cinayətin qısqanclıq zəminində törədildiyi üzə çıxıb. Məlum olub ki, mətbuatda böyük rezonans doğuran bu qətldən əvvəl Vüsal Şilder Xəyal Əli-zadənin həyat yoldaşının kiçik bacısı ilə münasibətdə olub. Xəyal Vüsala dəfələrlə xəbərdarlıq edərək qızla əlaqəni kəsməyi, zəngləşməməyi və görüşməməyi tələb etsə də, bu hədə-qorxuların heç bir faydası olmayıb. Nəticədə məsələni silah gücünə həll etməyə qərar verilib.

İstintaq sənədlərinə görə, Xəyal Əli-zadə Seymur Talıbova qətli törətmək üçün 10 min manat vəd edib və icraçı tapmasını tapşırıb. Seymur bu iş üçün əvvəllər məhkum olunmuş Elman İsgəndərovu Siyəzən rayonundan Bakıya gətirib. Bakıda qalması üçün ona pul verilib və cəzasız qalacağı vəd olunub. Mayın 2-də universitedən çıxan Vüsal Şilder evinə qədər izlənilib və yaşadığı binanın yaxınlığında qətlə yetirilib. Hadisədən sonra Seymur Talıbov Xəyaldan aldığı puldan 1000 manatını Elman İsgəndərova verib.

Məhkəmə iclasında Xəyal Əli-zadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və hazırkı mərhələdə ifadə verməkdən imtina edib. Vəkili Əlövsət Abbasov bildirib ki, müvəkkili şahidlər dindiriləndən sonra ifadə verəcək. Məhkəmə müdafiə tərəfindən istəyini nəzərə alıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Fərid Həsənov isə şahidlərə suallar verilərkən istinad olunması üçün təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadənin elan olunmasını tələb edib. Hakim bu məsələyə növbəti prosesdə münasibət bildiriləcəyini diqqətə çatdırıb. Növbəti məhkəmə iclası oktyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, Xəyal Əli-zadə Prezident Administrasiyasında çalışmış Tariyel Ağayevin kürəkənidir. Cinayətin icraçıları olan Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qətlin təşkilatçısı və rəhbəri kimi müəyyən edilən Xəyal Əli-zadə ölkədən qaçdığı üçün barəsində beynəlxalq axtarış elan olunmuşdu. Axtarışlar nəticəsində onun Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib və 2026-cı il yanvarın 11-də BƏƏ-nin səlahiyyətli organları tərəfindən tutularaq Azərbaycana ekstradisiya olunub. Qaydılan şəxsə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilder Adolf əslən azərbaycanlıdır. Onu Bakıda övladlığa götürən Adolf Şilder “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəridir. Növbəti məhkəmə prosesi oktyabrın 20-nə təyin olunub.

Musavat.com

Bakunews.tv
Son xəbərlər