Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə 490.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.08.2026-cı ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 10.06.2025-ci il, bitmə tarixi 30.12.2025-ci il göstərilir.
Qeyd edək ki, Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə “Koordinat Construction” MMC ilə bir müqavilə də 17.10.2024-cü ildə bağlayıb. Bu müqavilə də bir mənbədən satınalma metodu ilə bağlanılıb və dəyəri 489.983,2 manat təşkil edib. Məlumat satınalmaların portalında 17.10.2024-cü ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 20.09.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il göstərilib.
Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi son iki ilə yaxın müddət ərzində 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə ümumi dəyəri 979 983 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Qeyd edək ki, “Koordinat Construction” qısa müddət əvvəl yaradılmış, xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir MMC-dir. Amma buna baxmayaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli başqa qurumlar da “Koordinat Construction” MMC eyni tipli müqavilələr bağlayıb.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 20 ədəd subartezian quyusunun əsaslı təmiri (2025-ci il üzrə) ilə əlaqədaq bir mənbədən satınalma metodu tətbiq etməklə “Koordinat Construction” MMC ilə 660.000 manat dəyərində satınalma müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 18.02.2026-cı ildə dərc edilib.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir müqavilə də 29.10.2024-cü ildə bağlanılıb. “Koordinat Construction” MMC ilə bağlanan bu müqavilənin dəyəri 659.999,96 manat təşkil edib.
Göründüyü kimi Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də bir bir neçə ay ərzində 20 ədəd subartezian quyusunun əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə ümumi dəyəri 1 319 999 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli adı çəkilən qurumlarının subartezian quyularının əsaslı təmiri üzrə bağladıqları bu müqavilələrdə təmir olunacaq subartezian quyularının harada yerləşdiyi açıqlanmır. Yalnız Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 29.10.2024-cü ildə bağladığı müqavilədə subartezian quyularının yerləşdiyi ərazi açıqlanıb. İndi kim zəmanət verə bilər ki, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 18.02.2026-cı ildə bağladığı müqavilə də eyni subartezian quyularının təmiri üzrədir.
Burada bir subartezian quyusunun təmirinə ayrılmış dövlət vəsaiti də şübhə doğurur. Belə ki, Bərdədə bir subartezian quyusunun təmirinə orta hesabla 32 999 manat, Şəmkirdə isə orta hesabla 34 998 manat hesablanıb. Bu da qiymətlərin süni şəkildə şişirdildiyini açıq aşkar göstərir. Bunu mütəxəsislər yerində araşdırsa daha da ciddi qanun pozuntuları aşkarlaya bilər.
Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli qurumlardan yalnız subartezian quyusunun təmiri üzrə son vaxtlar milyonlarla manatlıq tender qazanan “Koordinat Construction” MMC-yə gəlincə.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.
MMC-nin qanuni təmsilçisi Abasov Şənlik Fəxrəddin oğlu kimdir? Dövlət Gömrük Komitəsinin mətbuat xidmətin hələ 2017-ci ilin fevral ayında yaydığı məlumatlarda ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması hallarının müəyyən edildiyi bildirilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 08.05.2025-ci ildə verilib.
Yəni bu o deməkdir ki, “Koordinat Construction” MMC Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən keçirilmiş əvvəlki satınalmalada lisenziyası olmadan qatılıb və ümüumi dəyəri 1 149 982 manat olan iki tender verilib.
Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Göründüyü kimi “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri son iki ilə yaxın müddət ərzində yalnız bir neçə subartezian quyularının əsaslı təmirinə ümumi olaraq iki milyon manatdan çox dövlət vəsaiti ayırıb. Amma bu gün sosial şəbəkələrdə və mediada yerlərdən fermerlərin suvarma suyunun çatışmamasından əziyyət çəkmələri barədə yüzlərlə şikayətlərinə rast gəlmək mümkündür. Dövlət külli miqdarda vəsait ayırırsa rayonlarda əhali suvarma suyunun olmamasından niyə şikayətçi olurlar. Ayrılan bu dövlət vəsaitləri hara gedir, yelərdə subartezian quyularının əsaslı təmirinə, yoxsa “Koordinat Construction” MMC vasitəsi ilə ciblərə…
Aktualinfo.net
Bakunews.tv