Az əvvəl keçmiş deputat Əsabil Qasımovla bağlı ilginc iddiaların yer aldığı araşdırma materialını təqdim etdik. “DİA-AZ” bildirir ki, Azərbaycandan oğurladığı pulları hazırda əsasən Rusiyadakı tikinti biznesinə sərf edən Əsabil Qasımov maləsəf günü bu gün də ölkəmizdə özbaşınalıq əməllərini davam etdirməkdə, onun bu özbaşınalıqlarına göz yumulmaqdadır.
Əldə etdiyimiz digər məlumatdan aydın olur ki, şəhərin mərkəzində, Nəsimi rayonu ərazisində yerləşən ərazilərin söküntüsü Əsabil Qasımova məxsus Şirkətlərdən birinə həvalə olunub.
Həmin ərazinin Əlimərdanbəy Topçubaşov, Rəsul Rza və Salatın Əsgərova küçələrinin kəsişməsində tikitntisi artıq başa çatmış “Malibu Residence”in Əsabil Qasımova məxsus olmaqla qardaşı Vüqar Qasımov tərəfindən idarə edilməsi heç kəs üçün sirr deyil.
Lakin “Vialon” MMC ilə bağlı məsələ bir az fərqlidir.
Həmin Şirkət də Əsabil Qasımova məxsus olmaqla qardaşı Vüqar Qasımov tərəfindən idarə edilməsi dəqiq məlumatlar sırasındadır.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 16 sentyabr 2020-ci il tarixli, 188 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.10.2020-ci il tarixli, 20/57 saylı cizgisinə əsasən yenə də Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə “Vialon MMC arasında bağlanmış 02.11.2020-ci il tarixli, 1619 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Balababa Məcidov, Əlimərdanbəy Topçubaşov, Əlibəy Hüseynzadə, Salatın Əsgərova, Mərdanov qardaşları və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən, hüquqi rejimi və ölçüləri belə qeyri müəyyən olan torpaq sahələri, nizamnamə kapitalı 20 (iyirmi) manat olan "Vialon" MMC-nin istifadəsinə verilmişdir.
Lakin, artıq 6 ilə yaxın müddətdir ki, şirkət əməkdaşları sakinlərin razılığını almaq istiqamətində heç bir real addım atmadan, sakinləri köçürmədən RİH tərəfindən razılıq alındığını bildirməklə əraziyə taxta hasar çəkiblər ki, bu da küçələrin daralmasına, həyətlərin hasarı ilə çəkdikləri hasar arasında yaranmış boşluqda zibilliyin yaranmasına, bu ərazilərdə onsuz da çox olan narkotik vasitə istifadəçilərinin orada toplanmasına, yerə şpris və sair əşyaların atılmasına, uşağın-böyüyün ayağına batmasına və gələcəkdə yarana biləcək bu kimi neqativ hadisələrin baş verməsinə şərait yarada bilər.
Hazırda çəkilmiş hasarların hamısının arxası zibilxanaya və natəmizlik yerinə çevrilmişdir.
Həmçinin həmin vaxtdan başlayaraq Şirkət tərəfindən ara-sıra səpələnmiş qaydada evlər satın alınaraq pəncərə və dam örtüyü sökülüb elə vəziyyətdə saxlanılır.
Həmin yarısökülü evlər bəzi adamlar-narkotik aludəçiləri üçün daldalanma, müəyyən olunmuş yaşayış yeri olmayan (bomj) şəxslər üçün isə müvəqqəti gecələmə yerlərinə çevrilib.
Nəticədə ərazidə çox pis bir sanitar və kriminogen vəziyyət yarana bilər.
Sakinlər yeniyetmə uşaqlarının küçəyə çıxması belə artıq təhlükəlidir.
Ölkəmizin paytaxtı olan Bakı şəhərinin mərkəzinin 20 manat Nizamnamə kapitalı olan, 6 ilə yaxın müddətdə bir binanın özülünü belə qaza bilməmiş qeyri-peşəkar bir Şirkətə verilməsi nə qədər məntiqlidir? Onların yarıtmaz fəaliyyəti nəticəsində paytaxtın mərkəzində yaşayan insanlar 6 ilə yaxındır ki, normal yaşayışlarını itiriblər. Evinin qapısı sınan, tavanı çökən, döşəməsi nəm verən kimsənin “evlər söküləcək” deyə əlavə xərc qoyub təmir etməyə belə əli gəlmir.
“Vialon” MMC-dən sonra torpaq sahəsi ayrılmış bir çox Şirkət artıq bir neçə binanın yuxarı mərtəbələrini tikir.
Bu vəziyyət isə çox acınacaqlıdır.
Kubinka adlanan ərazi Suriyanın küçələrinə bənzəyir.
İran İsraili, İsrail Suriyanı, Rusiya Ukraynanı viran qoyduğu kimi Bakının mərkəzi küçələri də iş bacarmayan bir şirkət tərəfindən sözün əsl mənasında viran qoyulub.
Təsəvvür edin ki, 2020-2021-ci illərdə “Vialon” MMC tərəfindən tikiləcək binada əvəzinə mənzil verilməsi şərtilə evlərinin sökülməsi barədə müqavilə bağlamış insan 6 ildir yerində sayır və tikinti bir yana, heç söküntü istiqamətində də heç bir real addım atılmır.
Vətəndaş necə etməlidir?
Artıq “Vialon” MMC tərəfindən 10 milyonlarla, bəlkə də 20 milyondan artıq pul vəsaiti xərclənməsinə və bununla da ərazidə yerləşən 2500 yaşayış evindən 300-ə yaxın evin sökülməsinə baxmayaraq, evlərin hərəsinin bir-birindən uzaq məsafədə yerləşməsi nəticəsində hardasa inşa olunacaq bir binanın özülü qoyulmayıb. Lakin nə şəhərsalmaya məsul şəxslər, nə də hüquq mühafizə orqanları bununla bağlı heş bir tədbir görmür.
“Vialon” MMC-nin əməkdaşları hansısa sakinlə özlərinə sərf edən qaydada razılaşırlarsa onun da evi sökülür və o evin onlara ayrılmış ərazinin hansı hissəsində yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.
Ona görə də, qeyd edilən məsələni nəzarətə götürməklə “Vialon” MMC-nin hərəkətlərinə dövlət tərəfindən qiymət verilməlidir.
Bakunews.tv