Gündəm / Olay
2
Bu gün, 11:34

Ziya Məmmədov, Adnan Əhmədzadə və Əli Həsənovu birləşdirən şifrəli "Nöqtə"!

Azərbaycanda maraqlı tendensiya yaranıb. Hansı məmur həbs olunur və işdən uzaqlaşdırılırsa, dərhal mistik duyğulara qapılıb şeirlər yazır. Bir neçə il əvvəl işdən çıxarılan sabiq Nəqliyyat naziri Ziya Məmmədov qısa zamandan sonra Allah barədə yazdığı şeirlərlə gündəmə gəldi. Bu yaxınlarda Rusiya ilə cinayətkar əlaqəyə girib Azərbaycanın təmiz biznes ortağı imicinə qara ləkələr vuran və ardınca da həbs olunan Adnan Əhmədzadənin ailəsinin də anidən dindarlaşdığını, Qurandan bəzi ayələr paylaşdığını gördük.
İndi isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ifşa olunub vətənə xəyanət ittihamı ilə evinə həbs edilməsindən sonra bir vaxtlar onun 1 nömrəli adamı sayılan PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun xanımı Sona Vəliyevanın sanki haqq yoluna qayıtması ilə qarşı-qarşıyayıq. Sona xanımın öz Facebook səhifəsində paylaşdığı bir şeiri belə düşünməyə əsas verir. Şeirdə deyilir:

“NÖQTƏ

Milyon-milyon il əvvəl

mən bir nöqtə idim:

əzəlim,

yaddaşım Tanrıya bəlli.

Allah bir nöqtədən

üz, göz,

qaş verdi mənə –

mənaya gəldim.

Ağlım,

duyğum,

hissim,

əlim,

qolum,

nöqtədən aldığım hərəkət ahəngim...

Nöqtədən böyüdüm,

böyüdüm.

Tanrı ruhundan ruh verdi mənə –

sevgiyə döndüm,

möcüzə baş verdi,

insan donunda göründüm,

Yerə endim.

Tanrı geri çağıran gün

Yerdən təzədən uzaqlaşa-uzaqlaşa

nöqtə kimi görünəcəm.

Dumanlı xatirələrdə

nöqtə-nöqtə izim qalacaq.

Tanrı kitabında yenə

nöqtə olmağa qayıdacam...”

Sona xanımın imana gəlməsinin qəbul edilib-edilməməsini onunla Allahın ixtiyarına buraxırıq. Bizi isə bir sual maraqlandırır: Azərbaycanın korrupsiya içərisində boğulan məmurlarının bu tövbələri dövlətimiz tərəfindən necə, qəbul olunacaqmı? Sona Vəliyevanın yeni mistik halını Əli Həsənovun qapısında çalınan həbs təhlükəsinin təzahürü saymaq mümkündürmü?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz irəli sürdüyümüz həbsin yaxınlaşması ehtimalı ilə bağlı maraqlı fikirlər söylədi. Onun fikrincə, Allaha imanın bir neçə növü var: səmimi iman, münafiq imanı və sonrakı peşmanlıq halı. Səmimi iman odur ki, Allahı həqiqətən idrak edir və ona bağlanırsan. Allahın insan oğluna əmr etdiklərini canü-könüldən yerinə yetirir, təqvalı bir ömür sürürsən. Münafiq “imanı” odur ki, əslində, Allaha inanmırsan, amma ictimai qınağı nəzərə alıb simanı dəyişərək mömin kimi görünürsən. Əsl məqsədin isə millətin dini duyğularından istifadə edib onun malını, mülkünü ələ keçirərək varlanmaq olur. Sonrakı peşmanlıq isə ömrünün son anında nə qədər səhvə yol verdiyini anlayır və tövbə edib Allahın ipindən yapışmağa çalışırsan. Amma dərd burasındadır ki, sonrakı peşmanlıq, ataların sözü olmasın, hər zaman fayda vermir. Əksər hallarda Allah sənin tövbəni qəbul etmir, canını elə böyük günahkar kimi alır. Necə ki, Fironun son tövbəsini qəbul etmədi. Yunis surəsinin 90-91-ci ayəsində deyilir:

"Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!" Firona deyildi: " İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun”.

Bu ayələrdən aydın olur ki, tövbənin də, imana gəlməyin də bir müddəti var. Ömrünün sonuna qədər çirkab, məzlumların ahu-naləsi içərisində çabalayan insanlar başqa çarələri qalmayanda iman gətirib tövbə edərlərsə, onlara Allahın cavabı Firona verdiyi cavabdan fərqli olmayacaq. Allah bu adamlara mütləq və mütləq “indimi” sualı yönəldəcək. Sonra xanım və onun gələcək ardıcılları Yunis surəsinin bu ayələrini əzbərləyib boş yerə şeirlər yazıb paylaşaraq nə özlərini, nə də oxucularını narahat etməsinlər. Gecikmiş tövbələrin bəhrəsi Allah qatında da, bəndə nəzdində də sonrakı peşmanlıqdan fərqli olmur. Sonrakı peşmanlıqların faydasının nə olacağını isə bizim atalarımız yüz illər əvvəl bildirib.

Dövlətimizin bu “tövbəkarlara” münasibətinə gəlincə, bəllidir ki, Azərbaycan sekulyar dövlətdir. Dövlət işini din işlərindən ayrı tutur. Allahın işinə çox qarışmadan cinayətkarın layiqli cəzasını özü verməli, onun Haqq dərgahına günahının bədəlini ödəmədən getməsinə razı olmamalıdır. Yeri gəlmişkən, bu bədəl həm də Əli Həsənov kimi vətəndaşlarımızın da xeyrinədir. Biri var, bəzi günahlarından bu dünyada arınasan, biri də var, Allahın hüzuruna çəkilməmiş cəzanla, çirkabla gedəsən. Cinayətkar ünsürlər əməllərinin cəzasının bir qismini bu dünyada ödəyərək Haqq dərgahına gedərsə, bəlkə şəfaət haqqından da faydalana bilərlər. Odur ki, Sona xanım Allaha münəcaatında cəzasını bu dünyada çəkmək üçün yalvarıb-yaxarsa, daha rasional və praqmatik iş görmüş olar”.

Şahanə Rəhimli
Musavat.com

Bakunews.tv
Son xəbərlər