Vüsalə Rüstəmova: “Mənə 70 min manat verəcəklərini dedilər, cəmi 44 min 500 manat ala bildim; indi də övladlarımla birlikdə təhdid olunuram”Xəzər rayonu, Mərdəkan qəsəbəsi sakini Rüstəmova Vüsalə Bəylər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli Kamran Əliyev!
Hörmətli Vilayət Eyvazov!
Mən, Rüstəmova Vüsalə Bəylər qızı, yazaraq sizlərdən kömək istəyirəm. Müraciətlərim cavabsız qalıb, qəbullarınıza düşə bilmirəm. Bu səbəbdən, media vasitəsilə sizə müraciətimi və xahişimi çatdırmaq istəyirəm.
Bildirmək istəyirəm ki, ailəmlə birgə bir qrup dələduz şəbəkə tərəfindən aldadılmışam. Çarəsizliyimdən, borcumun olmasından istifadə edərək, evimi saxtakarlıqla əlimdən alıb satıblar.
Qeyd edim ki, müəyyəm miqdarda borcum olduğu üçün evimi “Kəpəz” adlı bank olmayan kredit təşkilatına girov qoymuşdum. 15 ay ərzində hər ay ödənişlərimi vaxtı-vaxtında etmişəm. Daha sonra səhhətimlə əlaqədar işdən çıxdığım üçün maddi sıxıntıya düşdüm, 7 ay kredit borcumu ödəyə bilmədim. Bu səbəbdən, borc faizlə birlikdə dəfələrlə şişirdildi...
Onu da qiqqətinizə çatdırım ki, qadını salonunda tanış olduğum Sevinc adlı xanım (soyadını bimir – müəl.) bir gün mənə biznes qurmağı təklif etdi. Onun özü də Mərdəkanda yaşayır və “Veranda” restoranında aşbaz işləyirdi. Bir-iki dəfə söhbət etdikdən sonra Sevinc xanım biznes qurmaq məqsədilə məni çalışdığı “Veranda” restoranında Toğrul və İmran adlı şəxslərlə (şikayətçi onların soyadlarını bilmir – red.) tanış etdi. Görüş zamanı onlar məndən nə qədər pula ehtiyacım olduğunu soruşdular. Dedim ki, öncə mənə təcili olaraq 75-80 min manat arası pul lazımdır ki, borclarımı bağlayım. Bildirdim ki, 45 min manatdan artıq borcum var. Onlar məni dinlədikdən sonra dedilər ki, burda nə problem var, biz sənə kömək edərik!
Məlumat üçün bildirim ki, Sevinc xanım Toğrul adlı şəxsi əvvəl mənə prokurorluq əməkdaşı kimi təqdim etmişdi. Sonradan dedi ki, prokurorluqda müstəntiq olub, amma hazırda işləmir.
Elə ilk görüşdə Toğrul müəllim Sürəyya adlı qadını oğlu ilə birlikdə yanımıza dəvət etdi. O, gəldikdə mənə aydın oldu ki, Sürəyya sələmçidir. Məndən soruşdu ki, nə qədər pul lazımdır. Dedim ki, ən azı 70 min manat. Nə qədər müddətə qaytara biləcəyimi soruşdu. Bildirdim ki, 3 aya ödəyəcəm. Bundan sonra qadın pulu verməyə razılaşdı. Həmçinin, Toğrul müəllim də mənə dedi ki, sənin torpağına da sənəd düzəltdirərik...
Sələmçi qadın hələ pulu verməmiş, Toğrul müəllim həmin pulunu 30 min manatını borc olaraq istədi, dedi ki, 10 günə qaytaracaq. Mənim ağlıma gəlməzdi ki, bunların hamısı birgə çalışır, dələduz şəbəkədir. Pul verilən zaman mənə məlum oldu ki, 70 min manatın qarşılığında anamın adına olan evimi Sürəyya adlı sələmçi qadına girov qoymalıyam. Mən məcburiyyət qarşısında razılaşmalı oldum. Sonra bildim ki, əslində ortada alqı-satqı müqaviləsi olub. Halbuki, qətiyyən aramızda alqı-satqı söhbəti getməyib. Notarial qaydada müqavilə bağlayacaqlarını bildirmişdilər.
Bildirim ki, bu saxtakarlıq 15 saylı notariusda baş tutub. Hansı ki, anam sənədlərə qol çəkən zaman dələduzların öz aralarında “satış” haqda söhbət etdiklərini eşidib. Bu səbəbdən, anam imza atmadan gəlib dedi ki, “ay qızım, bunlar evimizi satırlar”. Bu zaman Sevinc və Sürəyya dedilər ki, narahat olmayın, 3 ay sonra yeni müqavilə ilə evi sizə qaytaracağıq. Onu da əlavə etdilər ki, biz təkcə sizin evi yox, həmçinin “Veranda” restoranını da girov qoyuruq.
Anam da mənim kimi elə bilirdi ki, biz pulu götürüb həm borcları ödəyəcəyik, həm də biznes quracağıq. Notariusda Sürəyya, oğlu, anam və Ruslan (Onu həm də Vüsal deyirlər) adlı şəxs vardı. Sevinc və Sürəyya məni o qədər inandırmışdılar ki, onların mənə dələduzluq edə biləcəkləri ağlımdan da keçmirdi. Pulun üzərindən hər ay ödəyəcəyim 3 min manat faizi çıxacaqlarını bildirdilər. Başqa əlacım yox idi, razılaşdım. Üstəlik, evi satan şəxslərə və maklerlərə də pul verməli idim.
Anam qol çəkib çıxandan sonra dedi ki, “qızım, deyəsən bunlar bizi aldadırlar”. Anamın ciddi əsəb xəstəliyi olduğu üçün düşündüm ki, yəqin dərmanlarını yenə içməyib.
Notariusda əvvəl alacağımız puldan evi girov qoyduğum “Kəpəz” qeyri-bank təşkilatına olan 23 min manatı ödədilər. Notarius sanki özlərinin yaxını idi. Bir sənədin dalınca nə qədər adam getmişdik. Ev mənim anamın adına olduğu halda bütün sənədləşmələri özləri həll edirdilər.
Beləliklə, notariusdan çıxanda Sevinc qapının ağzında mənə 15 min 500 manat pul verdi. Niyə belə olduğunu soruşanda, “narahat olma, verəcəyəm” dedi. Həmin 15 500 manatdan başqa bir şəxsə olan 13 500 manat borcumu ödədim. Əlimdə 2 min manat qaldı. Sonra ayıldım ki, evimin pulunu aralarında bölürlər.
İçəri girib pulu tələb etmək istəyirdim, qoymadılar. Məni maşına apardılar. Maşında Sevinc, Sürəyya, oğlu, Vüsal və mən oturduq. Sürəyya puldan 6863 manat Ruslana (Vüsala) verdi, 70 manat nağd pul çıxıldı. 600 manata yaxın notariusda rüsum ödədiklərini bildirdilər. 3 min manat ilk ayın faiz pulunu çıxıldı. Mənə isə əlavə bir qəpik də verilmədi.
Dava-dalaşdan sonra dedim ki, 75-80 minin qarşılığında mənə banka ödədiyiniz 23 minlə birlikdə cəmi 44 min 500 manat pul vermisiniz, heç olmasa 10 min manat da verin, borclarımı tam bağlaya bilim. Amma yenə də evimin artıq satıldığını bilmirdim.
Məndən 3 aya 9 min manat aylıq ödəniş çıxıblar.
Bu alqı-satqıdan sonra yenidən “Veranda” restoranına getdik. Ora onların öz yerləri olduğu üçün bütün söhbətləri orada edirdilər. Məndən vaxt istədilər ki, “uşağım xəstədir, sənin pulunu verəcəyik”. 2-3 gün sonra məni yenidən restorana çağırdılar.
Getdim, o zaman məni Layiq adlı bir adamla da tanış etdilər. Layiq dedi ki, mənim sizə yazığım gəlir, sizi aldadıblar. Layiq Ruslana dedi ki, qadının 70 min manatını düzəldin verin, o, hər ay sizin pulunuzu ödəyəcək. Daha sonra əlavə etdi ki, heç olmasa 10 min manatını verin.
Bir neçə gün sonra yenidən məni çağırdılar və ortaya 8 min 500 manat pul qoyuldu. Səbəbini soruşduqda dedi ki, 1500 “şapka” çıxmışam. Hər 10 minə 1500 “şapka” pulu çıxırlar. Pulu yenə mənə vermədilər, əllərində fırladırdılar. Ruslan pulu Sevincə verdi, o da 5 min manatı yenə götürdü. Dedi ki, Toğrul müəllim Türkiyədə xəstəxanadadır, pulu qurtarıb, 5 mini göndərək, o, gəlib sənə qaytaracaq. İmran da həmin puldan 3 min manat götürdü. Bir sözlə, bir tərəfdən pulu verdilər, digər tərəfdən geri aldılar.
Beləliklə, aylardır məni süründürürlər, pulumu vermirlər. Əlimdə sübutlarım, səs yazıları, şəkillər var. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram.
Onu da deyim ki, Toğrul müəllim Türkiyədən qayıdandan sonra ondan 4 min 500 manat aldım. Amma Sürəyya, İmran, Layiq, Sevinc və Vüsal mənə əlavə bir qəpik də vermədilər.
Fevral ayının axırı evimin satıldığını bildim. 2 ay 3 min manatdan sələm pulu ödəmişəm. Mən çox çarəsiz vəziyyətdəyəm. Sonradan evimi yenə başqa bir adama satıb, evi tamamilə əlimdən çıxarıblar.
Xahiş edirəm, ya evimin qaytarılmasında, ya da pulumun verilməsində mənə kömək edəsiniz. İstəyirəm ki, dələduz şəxslər həbs olunsun, başqa insanların da başına bu oyunu açmasınlar”
Bakunews.tv