Qazaxda evdə partlayış oldu, bir nəfər xəsarət aldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.