Abşeron rayonu, Masazır kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 23.09.2026-cı il tarixində saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, bu gün saat 12:05 radələrində Bakı-Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb. İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bakunews.tv