Səhiyyə
49
Bu gün, 20:00

Çində uşaqların neyroinkişafına dair beynəlxalq konqres keçirildi FOTOLAR

3–5 iyul tarixlərində Çinin Sian şəhərində "Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri" mövzusunda Uşaq Həkimlərinin XIII Avrasiya Konqresində ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Pediatrlar Asossiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, konqresin təşkilat komitəsinin üzvü, t.ü.f.d. Təranə Tağı-zadə, eyni zamanda həmin kafedranın və Yoluxucu xəstəliklər kafedrasının əməkdaşları olublar.


Azərbaycan Pediatrlar Assosiasiyasının həmtəşkilatçısı olduğu, uşaq sağlamlığı sahəsində qlobal tendensiyaların müzakirə edildiyi konqresdə təkcə ümumi pediatriya deyil, həmçinin təbabətin ən aktual sahələri, o cümlədən uşaq ortopediyası üzrə dünyanın aparıcı ekspertləri və mütəxəssisləri son elmi yeniliklər və innovativ müalicə üsulları ilə bağlı təqdimatlar ediblər.

APA-nın beynəlxalq və yerli əməkdaşlıq dialoqu çərçivəsində konqresdə Türkiyənin Pediatriya Uzmanlıq Akademiyası Dərnəyinin (PUADER) dörd aparıcı professoru, elcə də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları da iştirak ediblər.

Tədbir çərçivəsində "Uşaqlarda infeksion prosesin diaqnostikası və idarə olunmasının müasir imkanları" simpoziumunda t.ü.f.d., dosent Təranə Tağı-zadə “Azərbaycanda uşaqlarda brusellyoz” mövzusunda məruzə edib. Alim bruselyozun Azərbaycan üçün endemik problem olduğunu vurğulayaraq, uşaqların bu infeksiyadan qorunmasında ölkəmizin təcrübəsini konqres iştirakçılarının diqqətinə çatdırıb.

Məruzədə uşaq bruselyozunun illər üzrə dinamikasını təqdim edən alim, respirator və digər uşaq infeksiyaları kimi virus mənşəli xəstəliklərin dövri olaraq epidemiya səviyyəsinə çatmasına baxmayaraq, bruselyozun Azərbaycanda daha sabit və nəzarət altında saxlanılan xəstəliklərdən olduğunu bildirib. Qeyd edib ki, xəstəliyin uşaqlar arasındakı epidemioloji xüsusiyyətlərini və yoluxmaya təsir edən risk amillərini qiymətləndirmək məqsədilə Bakı şəhəri və Abşeron yarımadasının 14 qəsəbəsində genişmiqyaslı tədqiqat aparılıb.

Təranə Tağızadə elmi araşdırma çərçivəsində ev heyvanı saxlayan 486 fərdi təsərrüfat və ümumilikdə 1702 uşağın nəzarətə götürülərək müayinələrə cəlb olunduğunu, Heddelson və Rayt reaksiyaları əsasında aparılan seroloji müayinələrin nəticəsində xəstəliyin əsas yayılma mühiti və həssas yaş qruplarının dəqiqliklə öyrənildiyini vurğulayıb.

Alim diqqətə çatdırıb ki, ən yüksək seropozitivlik göstəricilər birbaşa heyvan saxlanılan təsərrüfatlarda yaşayan uşaqlar arasında qeydə alınır. Bununla yanaşı, təhlillər uşaqlar arasında xəstəliyə ən yüksək yoluxma riskinin məhz 10-17 yaş intervalında müşahidə olunduğunu sübut edib.

Konqres çərçivəsində, eyni zamanda, uşaq səhiyyəsinin müxtəlif aktual istiqamətlərini əhatə edən çoxsahəli və maraqlı elmi sessiyalar təşkil olunub. Nümayəndə heyəti səfər proqramı çərçivəsində Çinin neyroinkişaf pozuntuları, uşaq serebral iflici və autizm spektr pozuntusu olan uşaqların reabilitasiyası üzrə ən məşhur və nüfuzlu bərpa mərkəzlərindən biri - Sian Ənənəvi Çin Təbabəti Beyin Xəstəlikləri Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olublar.

Xəstəxananın tibbi şöbələrində aparılan kliniki fəliyyəti müşahidə edən mütəxəssislər burada ən müasir beynəlxalq protokollarla ənənəvi Çin təbabətinin inteqrasiyalı şəkildə tətbiqi təcrübəsi ilə yaxından tanış olublar.

Konqresin iştirakçı ölkələrinin nümayəndələri "Dəyirmi masa" çərçivəsində beynəlxalq miqyasda elmi əməkdaşlığı stimullaşdıracaq qərarlar qəbul ediblər.

İlkin mərhələdə autizm və neyroinkişaf pozuntuları, ümumi nevroloji patologiyaları olan uşaqların müalicə və diaqnostikası istiqamətində birgə fəaliyyət göstərəcək dövlətlərarası işçi qrupu formalaşdırılıb. Bu qrupun yaradılması ilə gələcəkdə birgə beynəlxalq tədqiqatların aparılması, təcrübə mübadiləsinin genişləndirilməsi və müvafiq fəaliyyət proqramını özündə əks etdirən yekun qərar qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova uşaq sağlamlığı, inkişafı, məktəblərdə sağlam qidalanmanın təşviqi, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması, reabilitasiya və inklüziv təhsil sahəsində müasir yanaşmalar, elmi yeniliklər və praktik təcrübələrlə bağlı müzakirələrdə fəal iştirak edib.

Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyasının əməkdaşları konqresin keçirildiyi klinikanın həyətində dostluq, həmrəylik və gələcək əməkdaşlığın rəmzi olaraq xatirə ağacı da əkiblər.





Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər