BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı - FOTO/VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirlərini davam etdirir. DİN-in Mətbuat Xidmətindən bakunews.tv-a verilən məlumata görə, keçirilən sonuncu əməliyyat zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb.
Əməliyyat zamanı paytaxtın Nərimanov rayonunda əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov saxlanılıb. Narkotik vasitələr onun idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilərək götürülüb.
İlkin ifadəsində K.Salmanov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir əldə etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs həbs olunub.
Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.