SON DƏQİQƏ
Bakunews.tv » Araşdırma » Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ

Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ

11.11.2026 14:02 2
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni kimi tanınan Dəniz Əsədovanın adının hallandığı korrupsiya sxemi araşdırma mövzusudur. Bir müddətdir ki, davam edən məhkəmə prosesində bir müğənninin dövlətin sosial siyasətinin təməl sütunlarına vurduğu zərbənin miqyası diqqət çəkir. Məlum olur ki, müğənni 136 saxta əlillik təyinatı üzərindən 1 milyon 600 min manatlıq talana yol açıb.
İstintaq araşdırmaları ilə üzə çıxıb ki, 2017-2018-ci illəri əhatə edən dövrdə əslində heç bir səhiyyə müayinəsindən keçməyən, tamamilə sağlam olan 136 nəfərə qanunsuz olaraq əlillik dərəcələri "yazılıb". Reallıqda heç bir laborator və ya instrumental müayinə aparılmadan, mövcud olmayan diaqnozlar birbaşa elektron sistemə daxil edilib.
Bu böyük "kombinasiya"nın mərkəzində isə Sabunçu rayonundakı 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun imkanları dayanıb. Digər səhiyyə müəssisələrinin rəhbərləri ilə qurulan qaranlıq əlaqələr sayəsində dövlətin milyonlarla vəsaiti saxta arayışlar vasitəsilə talanıb. Nəticədə həmin şəxslərin hesablarına pensiya, sosial müavinət və digər ödənişlər adı altında 1 milyon 646 min 337 manat köçürülüb!

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə səslənən epizodlar isə hadisənin absurd və məsuliyyətsiz miqyasını bir daha göz önünə gətirir.
İstintaqın qənaətinə görə, bütün bu işlərin təşkilatçısı Dəniz Əsədova olub. Onun sürücüsü işləmiş Samir Yusifov məhkəmədəki ifadəsində maraqlı etiraf edib. Deyib ki, Dəniz Əsədova ona zərflər və sənədlər verib. Tapşırıb ki, 20 nömrəli xəstəxananın baş həkimi Rauf İsfəndiyara aparıb çatdırsın. O da hər dəfə tapşırığı yerinə yetirib, zərflər və sənədləri aparıb baş həkimə çatdırıb. Hərçənd məhkəmədə sənədlərin məzmununu bilmədiyini iddia etsə də, onların məhz əlillik təyinatı ilə bağlı olduğunu eşidib. Zərflərin içində nə olmasına isə hələ ki, məhkəmədə aydınlıq gətirilməyib.

Digər şahid Məhərrəm Məhərrəmovun istintaqa verdiyi ifadə isə korrupsiya bazarının açıq tarifini ortaya qoyur:

"Dəniz Əsədova dedi ki, 2500-4000 manat qarşılığında dərəcələrə uyğun əlillik düzəldirəm. Mən də bunu Sumqayıtda bir neçə nəfərə dedim. Şirinlik olaraq 50-100 manat alacağımı dedim. Aldığım pulları 20 Yanvarda Dəniz Əsədovaya vermişəm..."

Sonradan ƏƏSMN tərəfindən aparılan yoxlamalar zamanı bu saxtakarlıqlar üzə çıxıb, saxta əlillik alanların pensiyaları kəsilib və hüquqi müstəvidə qaçılmaz son gəlib.
Bu işi sadəcə adi maliyyə cinayəti kimi qiymətləndirmək böyük səhv olar. Azərbaycan dövləti son illərdə sosial siyasəti prioritet elan edib. Müharibə əlilləri, şəhid ailələri, həqiqətən də sağlamlığını itirmiş, dövlətin qayğısına ehtiyacı olan minlərlə vətəndaş növbəsini gözləyərkən, bir qrup dəllalın – müğənninin, baş həkimin və vasitəçilərin əlbir olaraq dövlət büdcəsindən 1,6 milyon manatı mənimsəməsi cinayətə bərabər tamahkarlığın pik nöqtəsidir.
Hər kəs başa düşməlidir ki, dövlət büdcəsindən oğurlanan hər bir manat – məhz həmin o həssas, yardıma möhtac, fiziki məhdudiyyətli gerçək vətəndaşın haqqından kəsilib oğurlanır. Dövlətin sosial ədalət mexanizmini saxta yollarla sındırmağa çalışan hər kəs qanunun bütün sərtliyi ilə cavab verməlidir. Dəniz Əsədova da istisna olmamalıdır.

Dəniz Əsədovaya Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadəyə, rüşvətxorluğa və rəsmi sənədlərin saxtalaşdırılmasına təhrik etmə kimi ağır maddələrlə yeni ittihamların verilməsi və məhkəmə prosesinin davam etməsi bu günün tələbidir.
Bu işə növbəti korrupsiya və ya maliyyə cinayəti kimi baxmaq olmaz. Burada söhbət dövlətin sosial müdafiə sisteminin alver predmetinə çevrilməsindən, həqiqətən əlilliyi olan insanların haqqının saxta diaqnozlar və pulla satılan arayışlar vasitəsilə mənimsənilməsindən gedir. Əgər ittiham aktında göstərilən hallar məhkəmə istintaqı zamanı sübuta yetirilərsə, bu, təkcə büdcəyə vurulmuş milyonluq zərər deyil, həm də sosial ədalətə, dövlət-vətəndaş münasibətlərinə vurulmuş ciddi zərbədir.

Bir tərəfdə müharibədə sağlamlığını itirmiş insanlar, şəhid ailələri, ağır xəstəliklərlə mübarizə aparan vətəndaşlar dövlətin sosial dəstəyinə ümid bağlayır, digər tərəfdə isə kimlərsə əlillik dərəcəsini qiymətə mindirərək bu həssas kateqoriyanı qazanc mənbəyinə çevirir. Bu, insan faciəsindən biznes quran korrupsiya mexanizmidir. Belə bir mexanizmin qurulmasında iştirak edən hər kəs öz əməlinə görə qanunun ən sərt üzünü görməlidir. 2 milyona yaxın dövlət vəsaitinin mənimsənilməsinə yol açan sxem yalnız onun görünən iştirakçılarının məsuliyyətə cəlb olunması ilə bitməməlidir. Bütün əlaqələr, pul axınları və mümkün himayədarlar da araşdırılmalıdır.

Dəniz Əsədovanın ictimaiyyətin tanıdığı şəxs olması, səhnədə çıxış etməsi, müəyyən çevrələrlə əlaqələrə malik olması ona hüquqi toxunulmazlıq qazandırmamalıdır. Dövlətin sosial müdafiə sistemini şəxsi qazanc mənbəyinə çevirmək cəhdinə güzəşt ola bilməz. Əgər məhkəmə istintaqı ittihamları təsdiqləyərsə, cəza da törədilmiş əməlin ağırlığına, dövlətə vurulmuş zərərə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Belə bir işdə məsuliyyətdən yayınmağa imkan verən formal yanaşma cəmiyyətə yanlış mesaj verər. Əlillik dərəcəsi alver predmeti, xəstəlik saxta sənəd, sosial müavinət isə korrupsiya qazancı ola bilməz! Həqiqi əlilliyi olan insanın haqqını saxta diaqnozla mənimsəyənlərə qarşı qanunun gücü bütün sərtliyi ilə nümayiş etdirilməlidir. Bu işdə əsas məsələ dövlətin sosial siyasətinin nüfuzunun, milyonlarla vətəndaşın ədalətə inamının qorunmasıdır. Sosial ədaləti alver predmetinə çevirənlər üçün bu məhkəmə prosesi ciddi hüquqi və ictimai dərs olmalıdır.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?