Dünyada minlərlə yaxşı insan var. Ancaq bəziləri var ki, onların bənzəri yoxdur. Çünki bu insanlar sıradan deyil – onların həyat amalı, düşüncəsi, ürəyi, əməli, sevgisi və iz qoyan davranışları onları digərlərindən fərqləndirir. Belə fərqliliyi ilə seçilən şəxsiyyətlərdən biri də Eldəniz Teyyub oğlu Qasımovdur.
Bu gün Eldəniz Qasımovun 50 yaşı tamam olur. Yaradıcılığı, işgüzarlığı və ictimai fəallığı ilə seçilən Eldəniz müəllim təkcə uğurlu bir iş adamı kimi deyil, həm də geniş ürəkli bir insan kimi tanınır.
İmişli rayonunda dünyaya göz açan Eldəniz Qasımov gənc yaşlarından zəhmətə meyilli, əzmkarlığı ilə seçilən biri olub. Orta məktəbi bitirməmiş fərdi biznes fəaliyyətinə başlaması onun işgüzar ruhunun göstəricisidir. Zamanla üç fərqli ali təhsil mərkəzində təhsil almış, bir neçə sahədə uğur qazanaraq “Eldanqrup” adlı biznes platformasını yaratmışdır.
Lakin onun şəxsiyyətini formalaşdıran təkcə biznes uğurları deyil. Eldəniz Qasımov illər ərzində dəfələrlə uşaq evlərinə, ehtiyaclı ailələrə yardım edib, yüzlərlə insanın dualarını qazanıb. Onun ticarətdən aralanma səbəbi də elə mənəvi prinsiplərlə bağlı olub — bu sahədə rastlaşdığı qanunsuzluqlara, saxtakarlıqlara göz yummayıb və onları qəbul etməyib.
Eldəniz müəllim həm də fədakar atadır. Hər ikisi ali təhsil almış övladlarının düzgün və ləyaqətli yetişməsi üçün öz şəxsi ehtiyaclarını ikinci plana atmış, onlara həm maddi, həm də mənəvi dəstəyini əsirgəməmişdir.
Sadəliyi, səmimiyyəti, insanlara qarşı diqqəti və eyni zamanda prinsipiallığı Eldəniz Qasımovu sevdirən əsas xüsusiyyətlərdəndir. O, bu gün də yüzlərlə insanın həyatında bir iz qoyan, onların yaddaşında mənəvi dayaq, yardımsevər bir insan kimi qalır.
"Mediaqrup" İB olaraq Eldəniz Qasımovu 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür və daim xalqına, cəmiyyətinə faydalı işlərdə uğurlar arzulayırıq!