Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasi proseslərə müdaxiləsi və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi başlanıb. İttihama əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, baş nazirin keşmiş müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli və digərləri xarici qüvvələrlə əməkdaşlıq edərək konstitusiya quruluşunun zorla dəyişdirilməsi, kütləvi iğtişaşların təşkili və hakimiyyətin ələ keçirilməsi məqsədilə sövdələşiblər. Bu çərçivədə 2013-cü il prezident seçkiləri və 2020-ci ilin iyul hadisələri zamanı təxribat xarakterli planların həyata keçirilməsinə cəhd edildiyi bildirilir.
Paytaxt.org-un xəbərin görə, məsələ ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, bu məsələnin üstünün açılmasında onun da böyük xidmətləri olub:
"Bunu danmaq olmaz və mən qorxmadan, çəkinmədən bunu deyirəm. Düzdür, bəziləri məni hədələyir, bəziləri isə saytlarda təhqir edir. Bu, Ramiz Mehdiyevin tulalar dəstəsidir. Əlbəttə ki, Ramiz Mehdiyev bu işə 10-15 il bundan əvvəl başlayıb. Bu gün həmin səs yazıları yayılır. Bu adam hətta rəhmətlik Heydər Əliyevin Azərbaycana gəlməsinə imkan vermirdi. Bizə yüz cür söz deyirdi. Ona görə də bu gün açılanlar hələ, belə desək, jurnal hissəsidir, bunun əsas filmi hələ qarşıdadır. Ramiz Mehdiyev burada tək deyil. Onunla bərabər böyük fiqurlar var və həmin fiqurlar bu gün kənarda qalıb. Onlar Azərbaycanın əleyhinə çox güclü şəkildə anti-Azərbaycan, anti-milli qüvvələri səfərbər ediblər və ciddi müqavimət göstərirlər. Müqavimətlərini özünüz görürsünüz: şayiələr yayırlar, xaricdən dövlət başçısının ünvanına yalan və yaramaz ifadələr işlədirlər. Bunların hamısı Ramiz Mehdiyev və onun ətrafındakı qüvvələrdir.
Mən düşünürəm ki, orada Kərimov Əli də var. Düzdür, hazırda ifadə vermir, çalışırlar ora-bura qaçaraq vəziyyətdən çıxmağa cəhd etsinlər, xarici dövlətlərdən imdad diləyirlər. Bu, dövlət çevrilişidir və burada heç kimi bağışlamaq olmaz. Ramiz Mehdiyev bu işləri görəndə biz artıq bunu deməyə başlamışdıq. Məsələn, mən prezidentliyə namizəd olarkən İctimai Televiziyada və digər televiziyalarda yayımlanan debatlarda demişəm ki, Ramiz Mehdiyevin komandası burada ciddi şəkildə işləyir. Burada mollalar dəstəsi, dini işlər və din xadimləri də var idi. Burada Allahşükür Paşazadənin də əli var idi. Abbas Abbasov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, Əbülfəz Qarayev, Ziya Məmmədov da burada idi. Ziya Məmmədovun oğlu bu gün də xaricdə bu işlə məşğuldur. Eldar Mahmudovun oğlu da Londonda, qayınanası Samirə Hacıyevanın yanında oturaraq bu işlərlə məşğuldur".
Siyasətçi bildirdi ki, sadaladıqlarının hamısı toplanmalıdır:
"Onları belə boş buraxmaq olmaz. Azərbaycanın daxilində və xaricində olan adamları bu gün dövlətə qarşı işlədirlər. Görürsünüz ki, xalq arasında Azərbaycan dövlətinə və onun rəhbərliyinə etimad azalıb. Bunu mən demirəm, Milli Məclisdə deputatlar deyib. Yadınızdadır, bu günlərdə deputatlar televiziyada çıxış edərək bildirdilər ki, xaricdən ünvanımıza yönələn məsələlər xalq arasında etimadı azaldıb. Bunların hamısı dövlət çevrilişinə hazırlıqdır. Ramiz Mehdiyevin evindən milyardlar, milyonlar çıxdığı deyilir. Onun yüz milyardlarla xarici dövlətlərdə vəsaiti və obyektləri var. Hansı yolla əldə edib? Dörd nəfəri tanıdıq, beş nəfəri tanıdıq. Bəs qalan 45 nəfər haradadır? Onlar da daxildədir. Bunlar təcili həbs edilməlidir. Əbülfəz Qarayev, Ziya Məmmədov, Ziya Məmmədovun qardaşı, keçmiş milli təhlükəsizlik naziri və digərləri təcili saxlanılmalıdır. Onları kənarda qoyub hər gün Azərbaycan dövlətini söydürməyin nə mənası var? Məsələlər çox ciddidir və getdikcə daha da açılır.
Mən bu fikirləri dəfələrlə demişəm və bu gün də mövqeyimdə qalıram ki, Ramiz Mehdiyevin hakimiyyət daxilində çox güclü dayaqları var. Onun kadrlarının əksəriyyəti bu gün də hakimiyyətdədir. Onlar dövlətə xəyanət edir, dövlət başçısının tapşırıqlarını yerinə yetirmir, korrupsiya və digər qanunsuz əməllərlə məşğul olurlar. Ona görə də Ramiz Mehdiyevin bütün hüceyrələri və əlaltıları kökündən kəsilməlidir. Vəziyyət bu səviyyədədir. Hətta daha dərindir, hələlik yalnız bir hissəsini dedik".
Bakunews.tv