“Azərbaycan Dəmir Yolları” QSC-də çalışan işçilər əmək haqları və iş şəraiti ilə bağlı narazılıqlarını ifadə ediblər.Bizimesr.az-a danışan işçilər bildirib ki, qurumda maaşlar uzun müddətdir artırılmır.
Onların sözlərinə görə, son 4 il ərzində əmək haqlarında heç bir artım olmayıb. Bu müddətdə ölkədə ərzaq məhsullarının, eləcə də işıq, qaz, su və digər sosial xidmətlərin qiymətləri yüksəlsə də, dəmiryol sahəsində çalışan işçilərin maaşlarında dəyişiklik edilmədiyi iddia olunur.
Əməkdaşlar həmçinin bildirirlər ki, qurumda bəzi peşəkar kadrlar müxtəlif səbəblərlə vəzifələrindən uzaqlaşdırılıb və bu prosses davam edir. Onların iddiasına görə, işdən çıxarılanlar arasında könüllü şəkildə ərizə yazmayan şəxslər, ərizələri imzalamayanlar da var.
Eyni zamanda məlumatda qeyd olunur ki, Bilecəri Lokomotiv Deposunun əməkdaşları da məsələ ilə bağlı rəhbərliklə görüşmək istədiklərini bildiriblər. Onların sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşmək üçün müraciət etsələr də, artıq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də görüş baş tutmayıb.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.az
Bakunews.tv