Bir həftə əvvəl yağan yağışlardan sonra su basan Zabrat-Maştağa yolunda təhlükəli vəziyyət davam edir. Su hələ də yolun əsas hissəsində qalır. Bizimesr.az bildirir ki, bu barədə həmin yoldan istifadə edən bir neçə sürücü şikayət edib.
Onların sözlərinə görə, yağış kəssə də, yoldakı su çəkilmir: “Yol çox bərbad vəziyyətdədir. Dağılmış yollar bizə “sürprizlər” edir, dolmuş sudan qarşıdakı yolu görmürük deyə, iri gölməçələrə düşürük, maşınımız pis vəziyyətə qalır. Cəmi bir neçə metrlik yolda yığılan suya görə az qala, “Ayxan” marketin qarşısınadək uzun tıxaclar yaranır. Yağışdan sonra yol təhlükəli vəziyyətə düşdüyündən orada neçə maşının nömrəsi düşüb, eləsi var təkəri cırılıb, bəzi zəif mühərriki olanlar da, ümumiyyətlə, yolda sönüb qalır. Məcburuq ki, yolumuzu onlarla km uzadıb alternativ yerlərdən gedək”.
Şikayətçilər əvvəlki yağışlarda da oxşar problemlə üzləşdiklərini, həll olunmadığından aylarla davam etdiyini deyirlər: “Bir gün yağış yağır, bir ay o yolda su qurumur”.
ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Yəni, bu ərazidə toplanan yağış və qrunt suları kanalizasiyaya axıdılır. Bu barədə bir qədər sonra...
Məlumat üçün bildirək ki, Zabrat-Maştağa avtomobil yolu 2013-cü ildə, Ziya Məmmədov Nəqliyyat naziri olduğu zaman yenidən qurulub. O zaman verilən məlumatlara diqqət etdikdə bəlli olur ki, yolun tamamilə yenidən qurulması işləri aparılıb və istismara verilib. ”2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”çərçivəsində yolun Zabratdan Maştağayadək olan hissəsi 5 kilometr olmaqla 6 zolaqlı, Maştağadan Buzovnayadək olan hissəsi isə 9 kilometr təşkil edir. “Azəryoservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə uyğun olaraq ümumi uzunluğu 14 kilometr nəzərdə tutulan yolda qrunt sularının kənarlaşdırılması məqsədilə borular qoyulmuşdur".
Diqqət ediriksə, məlumatda qeyd olunur ki, layihəyə uyğun olaraq ümumi uzunluğu 14 kilometr nəzərdə tutulan yolda qrunt sularının kənarlaşdırılması məqsədilə borular qoyulmuşdur. Yəni, o zaman yağış və qrunt sularının axıdılması nəzərə alınıb.
Ümumiyyətlə, drenaj nədir?
Drenaj - artıq suyun torpaqdan, səthdən və ya tikililərdən uzaqlaşdırılması üçün qurulan sistemə deyilir. Drenaj suyun idarə olunması və zərər vermədən uzaqlaşdırılması sistemidir. Drenaj sistemi ilə yığılan su təsadüfi yerə deyil, əvvəlcədən planlaşdırılmış yerlərə yönləndirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su basma ilə bağlı əksər xəbərlərində yalnız əsas hissə budur - Drenaj yoxdur, kanalizasiya sistemi düz deyil və sairə... Yəni ADSEA aşkar şəkildə yaranmış vəziyyətin günahkarı kimi görünmür. Bir daha təkrar edirik ki, ADSEA iddia edir ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
Elə isə 2019-cu ilə qayıdaq...
https://azertag.az/xeber/zabratda_seth_sularinin_kenarlasdirilmasi_meqsedile_layiheye_baslanilib-1331136
Bu linkdə nə görürük - "Zabratda səth sularının kənarlaşdırılması məqsədilə layihəyə başlanılıb" - (17.09.2019)
Məlumatda qeyd olunur ki, “Azərsu” ASC Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb. ASC-dən AZƏRTAC-a bildirilib ki, hazırda 5 yaşayış məntəqəsini əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.
Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazində məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

(2019-cu il) Yaşayış massivində subasma hallarının aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 kilometr uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 kilometrdən çox kanalizasiya xətlərinin inşası nəzərdə tutulub. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.
2021-ci il... Nə oxuyuruq?
Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam etdirilir — Video
2021-ci ilin məlumatlarında deyilir - Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən hazırda 2 istiqamətdə kollektorun tikintisi intensiv qaydada davam etdirilir.
Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Məhsuldarlığı sutkada 40 min kubmetr olan bioloji tipli qurğuda Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Maştağa və Nardaran qəsəbələri ərazilərində yaranan tullantı suları təmizlənərək kənarlaşdırılacaq. Bu qəsəbələrdə formalaşan tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə gələcəkdə əlavə daşıyıcı kollektorların inşası davam etdiriləcək.
Daha bir nüans - Zabrat–Kürdəxanı–Pirşağı kollektor xətti... Bu işlərin görülməsi üçün 38 milyon manat vəsait ayrılıb. Bu layihədə Maştağa ayrıca kollektor kimi yox, bu böyük magistral sistemin tərkib hissəsi kimi nəzərdə tutulub. Yəni, bu gün mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil deməklə vəziyyətdən çıxış yolu axtarmaq nə qədər doğrudur?
Abşeronda 7 əsas kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur
Beləliklə, bu gün su basan və 1 həftədir təmizlənməsi mümkün olmayan Zabrat-Maştağa yolunda kim haqlıdır? Daha doğrusu, yuxarıda qeyd olunan məlumatlar yalandır yoxsa, bu gün ADSEA- rəhbərliyi drenaj, kollektorların, mərkəzləşdirilmiş sistemlərin olmadığını niyə səsləndirir?
Zaur Mikayılov 2023-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Bu təyinatdan 3 il vaxt keçir. Görünür ya Zaur Mikayılov və nəzarətində olan şəxslər drenaj, kollektorların yerini bilmir, ya da bu sistemləırin işlək saxlamaq üçün zamanında fəal işlər görməyiblər.
Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam etdirilir — Video
Ya da əvvəlki illərdə ayrılan vəsaitlər, bu qədər verilən məlumatlar, fotolar, faktların hamısı ADSEA-nın dediyi kimi yalandır, yoxdur.
Kimdir günahkar? ADSEA rəhbərliyi, əvvəlki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi, o zaman bu yolu çəkən sabiq Nəqliyyat naziri Ziya Məmmədov? Hansı qurum işini düz qurmayıb, yaxid hansı qurum işini düz qura bilmir? ADSEA, yoxsa “Azərsu” ASC?
Bizimesr.az
Bakunews.tv