Paytaxtda fəaliyyət göstərən tanınmış mağazalar şəbəkələrindən biri olan “Kontakt Home” növbəti dəfə ciddi bir müştəri şikayəti ilə gündəmə gəlib.
32GUN.az bildirir ki, Yasəf Məmmədov adlı daimi müştəri, sosial şəbəkədə etdiyi paylaşımda şirkətin məsuliyyətsizliyi ucbatından həm maddi, həm də mənəvi zərərə uğradığını bildirərək rəsmi qurumlara və məhkəməyə müraciət etdiyini bəyan edib.
Vətəndaşın sözlərinə görə, hadisə 2025-ci ilin dekabr ayında mağazadan 6 aylıq kreditlə alınan "iPhone 17 Pro Max" markalı telefonla bağlı başlayıb. Müştəri öhdəliyini vaxtından əvvəl yerinə yetirərək iki ay tamam olmamış krediti tamamilə bağlasa da, bu yaxınlarda cihazın IMEI kodunu yoxlayarkən borcun bitməsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, telefonun hələ də "Kontakt Home"un mülkiyyətində qaldığını aşkarlayıb. Problemin həlli üçün şirkətin qaynar xəttinə müraciət edən vətəndaş, cihazın şirkət qeydiyyatından çıxarılmasını istəsə də, operatorların kobud səhvi nəticəsində telefonun xətti ümumiyyətlə qapadılıb.
Xəttin kəsilməsi səbəbindən küçədə çarəsiz vəziyyətdə qaldığını vurğulayan Y.Məmmədov, bütün pul vəsaitlərinin mobil bank kartlarında olduğunu, ətrafda internetə çıxış tapılmadığını və saatlarla çıxılmaz vəziyyətdə qaldığını qeyd edib. Yoldan keçən bir vətəndaşın telefonu vasitəsilə şirkətlə yenidən əlaqə saxlayan şikayətçiyə isə problemlə bağlı "Yaxın mağazalarımızdan birinə yaxınlaşın" deyərək qeyri-peşəkar cavab verilib.
Artıq dörd gündür ki, şikayətinə baxılmadığını və telefonunun hələ də qapalı vəziyyətdə saxlanıldığını deyən zərərçəkmiş, məsələni hüquqi müstəviyə daşıyıb. O, aidiyyəti dövlət qurumlarına rəsmi şikayət ünvanladığını, artıq vəkil tutduğunu və özünə dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsi tələbi ilə "Kontakt Home" şirkətini məhkəməyə verəcəyini qətiyyətlə bildirib.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, deputat olduğu zamanlarda 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirmişdi. Son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.
Bakunews.tv