Bakının Xəzər rayonunda yerləşən 181 nömrəli tam orta məktəbdə dərsə gəlməyən şagirdlərə qiymət yazıldığı, sinifdə qalanların isə rəsmi sənədlərində dəyişiklik edildiyi iddia olunur.
Bizimesr.com bildirir ki, məktəbin əməkdaşı bildirib ki, bəzi şagirdlər il ərzində dərslərdə iştirak etməsələr də, ilin sonunda direktor Təhmasib Məmiyevin tapşırığı ilə onlara qiymət yazılır:
“Bəzi uşaqlar var ki, müəllim onları ilboyu dərsdə görmür. Amma ilin sonunda həmin uşaqlara qiymət yazılır, sanki möcüzə baş verir. Direktor müəllimlərə tapşırır ki, filankəsə qiymət yazın. O uşaqlardan biri mənim oğlumla eyni sinifdə oxuyur. Oğlum gəlib mənə deyir ki, ana, bu necə olur, həmin uşaq dərsə gəlmədiyi halda qiymət alır? Mən də uşağa deyirəm ki, fikir vermə, sən öz dərsinlə məşğul ol”.
Məktəb əməkdaşının sözlərinə görə, ötən tədris ilində iki şagird rəsmi olaraq sinifdə qalsa da, sonradan jurnallarda və sənədlərdə düzəliş aparılıb: “Həmin uşaqlar 10-cu sinifdə rəsmi olaraq qalmışdılar. Qaydaya uyğun olaraq polis bölməsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyən Nərminə Hüseynovaya rəsmi məktub göndərilmişdi ki, uşaqlar axtarışa verilsin, çünki onlar sinifdə qalıblar.
Valideynlərə də yazılı müraciət olunmuşdu. Bu sənədlərin surəti və orijinallarının fotoları məndə var. Keçən ilə qədər kağız jurnallar idi. Jurnalda həmin uşaqlara qayıb yazılıb, sinifdə qaldıqları qeyd olunub. Sonradan isə jurnalda pozuntular edildi. Mən həmin səhifələrin də fotolarını çəkmişəm. Sıradan bir adam belə şəkli böyüdüb baxsa, jurnalda düzəlişlərin olduğunu görə bilər. Sonra həmin uşaqlar sentyabrda birtəhər 11-ci sinfə keçirildilər, indi də məktəbi bitirirlər”.
Mənbə deyir ki, əvvəllər də bu məsələni qaldırmaq istəyənlər olub. Lakin onun iddiasına görə, direktor əməkdaşları hədələyərək məsələnin ictimailəşməsinə imkan verməyib: “Direktor deyirdi ki, əmək kitabçanıza elə şey yazaram, heç yerdə iş tapa bilməzsiniz”. /Meydan/
Bakunews.tv