Bakunews.az redaksiyasına daxil olan məlumatlarda Binəqədi rayonu ərazisində, Zəngəzur restoranının arxa hissəsində yerləşən Böyükşor gölü ətrafında qanunsuz tikinti və torpaq satışı ilə bağlı ciddi iddialar yer alır.
Mənbənin bildirdiyinə görə, bir müddət əvvəl ölkə mediasında haqqında müxtəlif iddialar səsləndirilən Rövşən adlı maklerin fəaliyyəti son dövrlərdə daha da genişlənib. İddialara əsasən, gölün müəyyən hissələrinin doldurulması və ya qurudulması yolu ilə yeni torpaq sahələri formalaşdırılır, həmin ərazilərdə çoxsaylı fərdi yaşayış evləri inşa edilərək satışa çıxarılır.
Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, sözügedən fəaliyyətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif vaxtlarda xəbərdarlıqlar edildiyi iddia olunsa da, qanunsuz tikinti və torpaq satışı prosesinin davam etdiyi qeyd olunur.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə qanunsuz tikintidən deyil, həm də dövlətə məxsus torpaq və su hövzələrinin mühafizəsi, şəhərsalma normaları, ekoloji təhlükəsizlik və vətəndaşların gələcəkdə hüquqi problemlərlə üzləşməsi kimi mühüm məsələlərdən gedə bilər.
Sakinlər bildirirlər ki, son dövrlər ərazidə tikinti işlərinin intensivləşməsi müşahidə olunur. Onların sözlərinə görə, qanuni sənədləşmənin olub-olmaması barədə əraziyə müraciət edən vətəndaşlara aydın məlumat verilmir.
Bakunews.az olaraq məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Qeyd edək ki, xəbərdə adı çəkilən Rövşən adlı şəxsin tam kimliyi və təqdim olunan iddialarla bağlı mövqeyi redaksiyamıza məlum deyil. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Məsələni diqqətdə saxlayacağıq və araşdırmanı davam etdirəcəyik.