“Pilgrim Edu” ilə bağlı yayılan iddialara şirkət rəhbərindən AÇIQLAMA - VİDEO
Son zamanlar bir sıra sosial şəbəkə platformalarında və müxtəlif xəbər saytlarında “Pilgrim Edu” adlı xaricdə təhsil şirkəti ilə bağlı iddialar səsləndirilib. Yayılan məlumatlarda bildirilir ki, şirkət tələbələrə xaricdə təhsil almaq vədi verərək onlardan müəyyən məbləğdə ödənişlər qəbul edib. Lakin iddialara görə, ödənişlər həyata keçirildikdən sonra tələbələrin xaricdə təhsil prosesi ilə bağlı gözlənilən nəticə əldə olunmayıb və müraciətlərində irəliləyiş baş verməyib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Patrul.az redaksiyası “Pilgrim Edu” şirkətinə sorğu ünvanlayıb.
media-whatsapp-image-2026-09-08-at-21-24-58
Şirkətin rəhbəri Aisa Aslanova redaksiyamızın sorğusuna cavab olaraq səsləndirilən iddialara münasibət bildirib.
“Mən, Ayisa Aslanova, “Pilgrim Edu” şirkətinin icraçı direktoruyam. Hər birinizi salamlayıram.
Bu gün qarşınıza çıxmağımın əsas səbəbi uzun müddətdir, son 7-8 ay ərzində mənim və şirkətim haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması ilə bağlı açıqlama verməkdir.
Sual verə bilərsiniz ki, nə üçün indiyə qədər susmuşam? Çünki istəyirdim ki, məsələ qanun çərçivəsində araşdırılsın, nəticəsi ortaya çıxsın və yalnız bundan sonra qarşınıza çıxım.
Qeyd etmək istəyirəm ki, mənə və şirkətimə qarşı aparılan bu qaralama kampaniyası həqiqətə uyğun deyil. Hesab edirəm ki, bu, sifarişli şəkildə təşkil olunan bir kampaniyadır. Bu kampaniyanı aparan şəxslərin əksəriyyəti hazırda xaricdədir və xaricdən müəyyən kütləni idarə edərək mənə və şirkətimə qarşı yönləndirirlər.
Artıq bu şəxslərlə bağlı müəyyən məsələlər də üzə çıxıb. Hazırda vətəndaş qəbulu elan edərək gəncləri və tələbələri ofisimizə dəvət edir, bütün sübutları onların qarşısında təqdim edir və məsələləri izah edirəm.
Mən heç vaxt əlimdə dəlil və sübut olmadan kiminsə qarşısına çıxmıram. Bu səbəbdən hazırda bütün sübutlarla hər kəsin qarşısındayam. Kim bu sübutlarla tanış olmaq istəyirsə, mərkəzimizə müraciət edə bilər və onları təqdim etməyə hazıram.
Vurğulamaq istəyirəm ki, 4 il ərzində mindən çox tələbənin xaricdə təhsil almasına dəstək olmuşam. Təbii ki, xaricdə təhsil üçün müraciət edən tələbələr arasında qəbul alanlar da olur, qəbul ala bilməyənlər də. Bütün şərtlər müqavilədə əvvəlcədən qeyd olunur.
Müqavilənin şərtlərinə əsasən, tələbəyə qəbul gəldiyi təqdirdə qəbul sənədi və portal təqdim olunur. Qəbul olmadığı halda isə ödənilən məbləğin 20 faizi geri qaytarılır.
Bəzi tələbələrdə sual yarana bilər ki, niyə məhz 20 faiz geri qaytarılır? Qeyd etmək istəyirəm ki, bizim qəbul və müraciət prosesimiz kompleks və şəffaf şəkildə həyata keçirilir. Bu, bir və ya üç gün ərzində başa çatan proses deyil.
Şəffaf prosesdə müxtəlif ölkələrin fərqli qəbul tarixləri və son müraciət müddətləri var. Bu səbəbdən proses bir il ərzində davam edə bilər və xidmət də həmin müddət ərzində tələbəyə göstərilir.
Bu müddətdə müxtəlif sənədlər hazırlanır, müxtəlif ekspertlər müəyyən edilir və tələbələrin işlərinin aparılması üçün əvvəlcədən resurslar ayrılır. Yəni proses kifayət qədər uzunmüddətli və əmək tələb edən bir xidmətdir.
Bir daha vurğulayıram ki, tələbənin qəbul ala bilməməsinin əsas səbəblərindən biri onun nəticələrinin rəqabətdə digər namizədlərdən daha aşağı olması ola bilər. Çünki həmin yerlərə daha yüksək nəticə göstərən tələbələr qəbul edilə bilər.
Bundan başqa, qeyd etdiyim kimi, mənim və şirkətimin adına müxtəlif səhifələr açılır. Yəqin ki, bir çoxunuz bu səhifələrlə tanış olmusunuz. Həmin səhifələrdə müxtəlif insanlara dostluq göndərilir, daha sonra isə şirkətimiz haqqında həqiqətə uyğun olmayan məlumatlar paylaşılır. İddia olunur ki, guya şirkət saxta qəbul və digər qanunsuz xidmətlər göstərir.
Dostlar, bilirsiniz ki, neçə ildir dövlət kanallarında çıxış edirəm. Müxtəlif dövlət saytlarında sizin üçün məqalələr dərc olunub. Bu istiqamətdə mənə dəstək olan valideynlərə və gənclərə təşəkkürümü bildirirəm.
Tələbələrim də bu müddətdə mənə dəstək oldular və yayılan məlumatların heç birinə inanmadılar. Lakin təbii ki, həmin məlumatlara inanan və narahat olan gənclər də oldu. Mən bunu anlayışla qarşılayıram. Çünki söhbət təhsil sektorundan gedir və belə məlumatların gənclərdə narahatlıq yaratması təbiidir.
Ofisimə müraciət edən hər bir şəxslə danışaraq bütün məsələləri izah etmişəm. Təbii ki, inanan da oldu, inanmayan da. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram.
Lakin bu günü gözləyirdim. İstəyirdim ki, çıxış edərək hər birinizin qarşısına bütün sübutlarla çıxım.
Odur ki, açıq şəkildə bildirirəm: vaxtilə mənə inanmayıb narahatlıq yaşayan hər kəs mərkəzimizə yaxınlaşa bilər. Mən bütün sübutları təqdim etməyə və məsələləri şəffaf şəkildə izah etməyə hazıram”.