Türkiyədə dini icmalar ətrafında baş verən son proseslər yenidən bir sualı gündəmə gətirir. Din adı altında formalaşan qapalı şəbəkələr nə vaxt dini birlik olmaqdan çıxıb siyasi, iqtisadi və təşkilati gücə çevrilirlər?
Məsələ o yerə çatıb ki, bunu tək Türkiyənin daxili siyasi gündəmi hesab etmək olmur. Çünki Azərbaycan-Türkiyə qardaşlığı, cəmiyyətlər arasındakı əlaqələrin genişliyi və insanların qarşılıqlı gediş-gəlişi fonunda Türkiyədə yaranan müəyyən dini-sosial şəbəkələrin Azərbaycan mühitinə təsir imkanları da ayrıca diqqət tələb edir.
Bu baxımdan FETÖ təcrübəsi Azərbaycan üçün artıq tarix kitabının mövzusu deyil. Bu təcrübə göstərdi ki, xaricdən gələn dini-sosial şəbəkə əvvəlcə təhsil, mədəniyyət və sosial fəaliyyət görüntüsü ilə qəbul oluna, illər sonra isə dövlət üçün təhlükəsizlik məsələsinə çevrilə bilər.
İndi Türkiyədə “Süleymançılar” kimi tanınan dini icma ilə bağlı aparılan genişmiqyaslı istintaq da həmin təcrübənin başqa formada təkrarlanıb-təkrarlanmayacağı sualını gündəmə gətirir.
2026-cı ilin avqustundan etibarən Türkiyədə “Süleymançılar” kimi tanınan dini icma ilə bağlı genişmiqyaslı əməliyyatlar keçirilib. Ankara Prokurorluğunun istintaqı çərçivəsində 17 vilayətdə əməliyyatların keçirildiyi, onlarla şəxsin saxlanıldığı, çoxsaylı ünvanlarda axtarış aparıldığı barədə məlumatlar yayılıb.
İstintaqın mərkəzində icmanın rəhbəri kimi təqdim olunan Alihan Kuriş və onunla əlaqələndirilən maliyyə-iqtisadi struktur dayanır. MASAK araşdırmalarında da şirkətlər arasında böyük həcmli maliyyə dövriyyələrinin olduğu qeyd edilir. Eyni zamanda Türkiyə rəsmiləri məsələnin dini etiqada deyil, maliyyə və təşkilati fəaliyyətə yönəldiyini bildiriblər. Bu detal xüsusilə vacibdir. Çünki burada söhbət dini inanclardan getmir. Məsələ dini kimliyin arxasında ayrıca maliyyə, təhsil, yataqxana, biznes və siyasi əlaqələr şəbəkəsinin formalaşıb-formalaşmaması ilə bağlıdır. Məhz bu nöqtədə Türkiyənin FETÖ təcrübəsi yada düşür.
FETÖ problemi bir gündə yaranmamışdı. Əksinə, uzun illər ərzində təhsil müəssisələri, tələbə yataqxanaları, müxtəlif ictimai strukturlar və sosial əlaqələr vasitəsilə genişlənən bir şəbəkədən söhbət gedirdi. Mətbuatda illər əvvəl yayılan materiallarda Azərbaycanda “Gülən camaatı” ilə əlaqələndirilən liseylər və Qafqaz Universitetinin fəaliyyəti barədə geniş məlumatlar dərc olunmuşdu. Sonrakı mərhələdə isə Türkiyənin özündə yanaşma dəyişdi. FETÖ Ankara üçün sadəcə dini-sosial cərəyan kimi deyil, dövlət təhlükəsizliyi məsələsi kimi qiymətləndirildi. Azərbaycanda da bu şəbəkəyə bağlı olduğu bildirilən strukturların fəaliyyətinə son qoyuldu.
Azərbaycanın dini qurumlarının o dövrdə FETÖ ilə bağlı fəaliyyəti və Qafqaz Universiteti məsələsi barədə mövqe açıqlanmışdı. Həmin açıqlamada FETÖ dini deyil, siyasi məqsədlər güdən təşkilat kimi xarakterizə edilmişdi. Deməli, Azərbaycan üçün əsas dərs bir şəbəkənin dini ad daşıması onun avtomatik olaraq təhlükəsiz olması demək deyil. Əsas təhlükə odur ki, dini və ya sosial birlik dövlət daxilində dövlətə bənzər ayrıca struktur qurmağa başlayır. Onun öz maliyyəsi, kadrları, təhsil sistemi, informasiya kanalları, xarici əlaqələri olur.
Cəmiyyət daxilində özünə bağlı insan resursu olur. Bu model bir müddət sonra dini icmadan daha çox təşkilati şəbəkəyə çevrilir. Məhz buna görə Türkiyədə “Süleymançılar”la bağlı son əməliyyatların yalnız “bir dini qruplaşmaya qarşı mübarizə” kimi təqdim edilməsi məsələnin mahiyyətini tam izah etməyə bilər. Türkiyə hüquq-mühafizə orqanlarının istintaqı dini fəaliyyətə deyil, maliyyə-iqtisadi struktura yönəltdiyi vurğulanır.
Türkiyənin siyasi təcrübəsində daha bir mühüm məqam var. Dini icmalarla siyasi hakimiyyətlər arasındakı münasibətlər həmişə sabit qalmır. Bir dövrdə dövlət üçün sosial dayağa çevrilən struktur başqa dövrdə siyasi rəqibə çevrilə bilər. Bir vaxtlar dövlətlə əməkdaşlıq edən şəbəkə sonradan dövlətin nəzarətindən kənarda qalan gücə çevrilə bilər. FETÖ təcrübəsinin ən böyük dərslərindən biri də budur. Məhz buna görə dövlət üçün əsas məsələ hansı icmanın hakimiyyətə loyal olması deyil. Əsas məsələ heç bir qeyri-dövlət şəbəkəsinin dövlətin strateji institutları üzərində paralel təsir imkanına malik olmamasıdır. Çünki dövlət siyasəti şəxslərin və qrupların loyallığı üzərində deyil, qanun və institutlar üzərində qurulmalıdır.
Bütün bunlardan sonra bir məsələ ortaya çıxır, Azərbaycan üçün təhlükə haradan başlayır? Çünki Azərbaycan-Türkiyə münasibətləri xüsusi münasibətlərdir. İki ölkə arasında dil, tarix, mədəniyyət, ailə və sosial bağlar var. Türkiyədə baş verən proseslər Azərbaycan cəmiyyətində də diqqətlə izlənilir. Elə buna görə də Türkiyədə fəaliyyət göstərən hər hansı qapalı dini-sosial şəbəkənin Azərbaycanla əlaqələrinin olub-olmaması məsələsi təhlükəsizlik baxımından diqqətdən kənarda qala bilməz. Bu, əslində Türkiyənin dövlət təhlükəsizliyi ilə bağlı yaşadığı problemlərdən nəticə çıxarmaqdır. Azərbaycanın FETÖ məsələsində keçdiyi yol bunu artıq göstərib.
Məsələnin başqa bir tərəfi də var. 2026-cı ilin sentyabrında Azərbaycanda “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi təqdim olunan şəxsin və bir sıra digər şəxslərin xüsusi xidmət orqanlarının keçirdiyi tədbirlər nəticəsində məsuliyyətə cəlb edilməsi barədə məlumat yayılıb. Bu fakt mövzunu yalnız Türkiyənin daxili problemi olmaqdan çıxarır. Azərbaycan ərazisində hər hansı dini-sosial şəbəkənin qanunsuz fəaliyyət göstərməsi barədə məlumat varsa, dövlətin buna hüquqi reaksiya verməsi təbiidir.
2010-cu ildə Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olmaqda şübhəli bilinən Türkiyə vətəndaşlarının saxlanılması barədə məlumatlar yayılmışdı. Gəncədə “Süleymançılar” dini təriqətinin təbliğatı ilə bağlı araşdırma aparıldığı qeyd olunurdu. Bu fakt göstərir ki, məsələ Azərbaycan üçün tamamilə yeni deyil. Amma bu gün şərtlər fərqlidir. Sosial şəbəkələr, transmilli maliyyə imkanları var. Bir ölkədə yaradılan dini-sosial şəbəkənin digər ölkədə fəaliyyət göstərməsi əvvəlki dövrlərlə müqayisədə daha asandır.
Məsələ ondadır ki, dini azadlıqla təhlükəsizlik arasında sərhəd mütləq olmalıdır. Burada çox həssas bir sərhədi qorumaq lazımdır. Dini etiqad azadlığı ilə qapalı təşkilati şəbəkə eyni şey deyil. İnsanların dininə inanması başqa məsələdir. Din adı altında siyasi və iqtisadi şəbəkənin qurulması isə tamam başqa məsələ. Ona görə də mübarizənin hədəfi din yox, qanunsuz təşkilatlanma olmalıdır. Əks halda dövlət təhlükəsizlik məsələsini dini azadlıqlarla qarışdıra bilər. Bu isə cəmiyyət üçün başqa problemlər yaradar. Ən sağlam yanaşma qanunun hamıya eyni tətbiq edilməsidir.
Türkiyənin FETÖ təcrübəsi göstərdi ki, təhlükəni yalnız silahda axtarmaq olmaz. Bu təhlükə məktəbdə, bəzən biznes strukturunda, xeyriyyə təşkilatında, insanlara çox sadə və zərərsiz görünən sosial münasibətlər şəbəkəsində baş qaldırır. Məhz buna görə dövlətin təhlükəsizlik sistemi yalnız hadisə baş verəndən sonra deyil, şəbəkə formalaşarkən də işləməlidir.
Türkiyədə bu gün baş verənlərdən Azərbaycanın çıxarmalı olduğu nəticə Türkiyədən uzaqlaşmaq deyil. Tam tərsinə, qardaşlıq yanaşması, qardaşı qorumaq instinktidir. Azərbaycan üçün ən təhlükəli ssenari hansısa dini icmanın olması deyil. Təhlükəli ssenari həmin icmanın dövlət nəzarətindən kənarda paralel maliyyə, kadr, təhsil, informasiya və siyasi əlaqələr sistemi yaratmasıdır. FETÖ hadisəsi bunun mümkün olduğunu göstərdi.
“Süleymançılar” ətrafında Türkiyədə aparılan hazırkı araşdırmalar dövlət bir dəfə yaşadığı təhlükəni ikinci dəfə başqa adla tanıya biləcəkmi məsələsini ortaya qoyur. Azərbaycanda yanaşma belədir ki, dini inanc insanın hüququdur, amma heç bir qapalı şəbəkənin dövlətin içində ayrıca dövlətə çevrilmək hüququ yoxdur. Çünki dövlətin təhlükəsizliyi üçün ən böyük məsələ hər şeyi adı ilə tanımaqdır. Dövlətlər adlarla deyil, modellərlə mübarizə aparanda daha az yanılırlar.
Bakunews.tv