Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Prezident İlham Əliyevə
müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Əziz cənab Prezident.
Amerika Muğam Cəmiyyətinin 24 illik sədri olaraq 7 fevral 2024-cü il tarixində
keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi
dəstəklədiyimi bildirmək istərdim.
Mən yarım əsrdən artıqdır ki, Azərbaycan mədəniyyəti ilə maraqlanıram,
Azərbaycan alətlərində – kamança və tarda ifa etdiyim muğama, uzun illər evimə
gözəllik bəxş edən, Azərbaycan muğam musiqisini dinləməkdən zövq alanların
məclisləri üçün mükəmməl dekorasiyanı və ab-havanı təmin edən əl ilə toxunmuş
Azərbaycan xalçalarına xüsusi maraq göstərirəm.
Azərbaycana ilk səfərim 1989-cu ilin yayında olub. 1997-ci il mayın 23-də
Prezident Heydər Əliyevlə onun kabinetində görüşmək nəsibim oldu. O, mənimlə
hər bir ölkə və onun gələcəyi üçün vacib olan milli kimlik hissinin
möhkəmləndirilməsində yerli mədəniyyətin əhəmiyyətindən danışmaq istəmişdi.
Qərb jurnalistləri ilə müsahibələriniz zamanı onların suallarını ustalıqla
cavablandırmağınızı böyük məmnuniyyətlə izləyirəm. Aydındır ki, Azərbaycana
rəhbərlik etibarlı əllərdədir və ümid edirəm ki, bundan sonra da belə davam
edəcək. Təəssüf ki, mən Azərbaycan vətəndaşı deyiləm, çünki ABŞ-da anadan
olmuşam. Əks halda Azərbaycan Respublikasına rəhbərliyinizin davam etməsi
üçün Sizə səsimi verməkdən məmnun olardım”.