Müəllif: Azər Ağayev, Azərbaycan Respublikasının vətəndaşı
Hörmətli cənab Prezident Məsud Pezeşkiyan,Bu müraciətimi Sizə bir ata, bir Azərbaycanlı və bir insan olaraq yazıram. Mən illərdir ki, övladlarımın həsrətini çəkirəm. 5 il 55 ay 1700 gündür ki, onların üzünü görmürəm, səsini eşitmirəm. Bu, bir atanın dözə biləcəyi bir hal deyil!
Ötən ilin yanvar ayında İranın Qum şəhərində yerləşən 16 saylı Ailə Məhkəməsinin hakimi Nəmətullah Əli Kəsiri övladlarımın mənim himayəmə verilməsi barədə qərar çıxardı. Lakin artıq bir ildən çoxdur ki, bu qərar hələ də icra olunmur. Bu, nə dərəcədə ədalətlidir? Bu, bir İslam dövlətinin qanunlara münasibəti olmalıdırmı? İran İslam Respublikası bir İslam ölkəsi olaraq qanunlara hörmət etməli və öz qəbul etdiyi qərarları icra etməlidir.
Mən bir ata olaraq Sizə müraciət edirəm!
Siz də bir atasanız və bir valideyn kimi məni başa düşəcəyinizə inanıram. Mənim övladlarımın taleyi necə ola bilər? Mən onların gözümün önündə, ata himayəsində böyüməsini istəyirəm. Bir ata kimi onların İranda qalmasına razı deyiləm. Onların təhsilini, həyatını və gələcəyini Azərbaycan Respublikasında davam etdirməsini tələb edirəm. Həddi-büluğa çatmış qızlarımın mənim nəzarətimdən kənarda yaşaması qeyrətimə sığmır. Sizin də ata olaraq bu hissləri anlayacağınızı düşünürəm.
İranın məhkəmə qərarlarını kim idarə edir?
İran qanunlarına görə, uşaqların sahibi atadır və ayrılıq olduğu halda məhkəmə uşaqları ataya təhvil verməlidir. Mənim vəziyyətimdə də eyni qərar verilib, lakin bu qərar icra olunmur. Mənim sualım budur: İran qanunlarını kim idarə edir? Qanunlar niyə icra olunmur? Bu işə nə üçün İranın xüsusi xidmət orqanları müdaxilə edir?
Bu məsələdə İranın Camaatul Mustafa Universitetinin rektoru Abbasi və özünü İranın xüsusi xidmət orqanlarının rəsmi nümayəndəsi kimi təqdim edən Ansari adlı şəxs uşaqların Azərbaycana verilməsini bir mənalı şəkildə rədd edir. Hətta bu məsələnin üzərinə getsəm, həbs olunacağımı açıq-aşkar bildirirlər. Doğrudan da belədirsə, İran qanunlarını xüsusi maraq qrupları idarə edir?
Məni niyə həbs etdiniz?
Ən başa düşülməz olan odur ki, mən şikayətçi ola-ola İran məni həbs etdi! Əgər günahım var idisə, niyə azad edildim? Günahım yox idisə, niyə 25 gün həbsdə saxlandım? Üstəlik, ağır şəkər xəstəsi ola-ola 16 gün qaranlıq kamerada saxlandım, dərmanlarım verilmədi. Bu, bir İslam dövləti üçün məqbul davranışdırmı? Axı İslam mərhəmət və ədalət dinidir!
Namus və ailə dəyərləri tapdanır!
Mən həm də İranın bir İslam dövləti olaraq namus məsələlərinə belə laqeyd yanaşmasına təəccüblənirəm. Bir qadın – Xalidə Mehbalıyeva – öz ailəsinə, həyat yoldaşına və uşaqlarına xəyanət edərək, İran torpaqlarına sığınıb. Onunla birgə olan Cəfər Babayev isə ailəli bir qadını yoldan çıxarıb, onu aldadıb. Maraqlıdır, İran niyə məhz bu iki şəxsi müdafiə edir? Nə üçün onların ailəni məhv edən əməlləri görməzdən gəlinir? Bütün bunların arxasında hansı maraqlar dayanır?
Cənab Prezident, Sizin İslam dəyərlərinə, ailə institutuna və qanunlara hörmət etdiyinizə inanmaq istəyirəm. Əgər doğrudan da ailə və əxlaq dəyərləri İran dövləti üçün önəmlidirsə, nəyə görə mənim balalarım analarının etdiyi səhvlərin girovu olmalıdır?
Bir ata kimi xahiş edirəm – övladlarımı geri qaytarın!
Hörmətli Prezident Pezeşkiyan, Sizə son ümidim kimi baxıram. Mən bir ata kimi övladlarımın Azərbaycan Respublikasına qaytarılmasını tələb edirəm! Mən övladlarımı istəyirəm! Bu haqq mənimdir və bu haqq mənə verilməlidir!
Əgər doğrudan da qanunlar işləyirsə, əgər İran öz qanunlarını icra edən bir dövlətdirsə, bu məhkəmə qərarının dərhal icra olunmasını təmin edin! Övladlarımın mənimlə birgə vətənimdə yaşamasına şərait yaradın!
Mən artıq bu ağrıya, bu həsrətə dözə bilmirəm. Mən övladlarımı istəyirəm!
Hörmətlə,
Azər Ağayev
Azərbaycan Respublikasının vətəndaşı