Gündəm / Mədəniyyət
15
21-04-2025, 23:19

Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri Nizami Muzeyinin qonağı olub FOTO

Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri, uşaq yazarı Əhməd Təbəəci Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeyə daxil olandan heyrətini gizlədə bilməyən Əhməd Təbəəci burada Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olub. Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova ziyarətçiyə ekspozisiya barədə ətraflı məlumat verib.

Yazar Şamaxıdakı Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Xanəgahı kompleksi və Qarabağ xanı Pənahəli xanın köynəyi üzərindəki yazıların ərəb islam mədəniyyətini ehtiva etdiyini, eyni zamanda tarixin silinməz parçası olduğunu söyləyib.
Səudiyyə Ərəbistanının mədəniyyət müşaviri Nizami Muzeyinin qonağı olub

Əhməd Təbəəci Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərə göstərdiyi qayğını, diqqəti, həmçinin ədiblərin adına verilən küçə və metroları, ucaldılan heykəlləri yüksək dəyərləndirib. O, Şərq operasının təməlinin ilk dəfə Azərbaycanda qoyulduğunu da bu səfərində öyrəndiyini qeyd edib. Əhməd Təbəəci Azərbaycan xalqının keçmişini və bu gününü təbliğ edən Nizami Muzeyini ziyarət etməkdən məmnunluğunu bildirib.

Sonda qonağa xatirə olaraq “Məhsəti Gəncəvi. Portret-oçerk” kitabı (ərəb dilində) təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər