Gündəm
10
Dünən, 23:54

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə və Pərvin Abışova haqqında hüquq-mühafizə orqanlarına edilmiş müraciətlər ətrafında müzakirələr davam edir.
Məlumata görə, zərərçəkmiş qismində çıxış edən Gülbadə Abdullayeva və Fatimə Mahmudova ilə yanaşı, Zaurpress.az xəbər portalının rəhbəri Günel Kərimova da həmin şəxslərin onu şantaj etməsi, təzyiq göstərməsi və müxtəlif vaxtlarda müəyyən məbləğlər tələb etməsi ilə bağlı polis və prokurorluq orqanlarına müraciət edib.

İddialara əsasən, Gülbadə Abdullayeva şəxsi fotolarının və ailədaxili məsələlərinin ictimailəşdirilməsi hədəsi ilə təzyiqlərə məruz qaldığını, bunun nəticəsində ağır psixoloji vəziyyət yaşadığını bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib.

Bildirilir ki, daxil olmuş müraciətlər əsasında araşdırmalara başlanılıb. İfadə Cəfərzadə və Pərvin Abışova istintaqa cəlb olunaraq ifadələri alınıb və daha sonra onlar barəsində istintaq dövrü üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Lakin bir müddət sonra sosial şəbəkələrdə və bəzi informasiya resurslarında onların guya 130 min manat məbləğində zərəri ödəyərək işin bağlanmasına nail olduqları barədə məlumatlar yayılıb.

Bu məlumatlara münasibət bildirən Gülbadə Abdullayeva yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Şəxsi həyatımla bağlı baş verənlərə görə heç vaxt maddi təzminat və ya pul tələb etməmişəm. Mənim tələbim yalnız qanunsuz əməllərdə ittiham olunan şəxslərin qanun qarşısında cavab verməsi və cəzalandırılması olub”, – deyə o qeyd edib.

Gülbadə Abdullayevanın sözlərinə görə, İfadə Cəfərzadə və Pərvin Abışova polis idarəsindən çıxdıqdan iki gün sonra Zaurpress.az xəbər portalının rəhbərini idarənin qarşısında yenidən təhqir edib və hədələyiblər.

O, həmçinin iddia edir ki, sonrakı dövrdə həmin şəxslərin yaxın çevrələri vasitəsilə ona və övladına zərər yetiriləcəyi ilə bağlı təhdidlər səsləndirilib, eləcə də şikayətini geri götürməsi üçün müxtəlif üsullarla təzyiq göstərilməyə çalışılıb.

Gülbadə Abdullayeva hesab edir ki, bu cür hallar istintaqın obyektiv və şəffaf aparılmasına mane olmaq məqsədi daşıya bilər.

“Bu şəxslərin istintaq dövründə zərərçəkmişlərə və şahidlərə təzyiq göstərmək, araşdırmanın gedişinə təsir etmək cəhdlərindən geri çəkilməyəcəkləri açıq görünür. Mən və övladım özümüzü təhlükədə hiss edirik”, – deyə o bildirib.

Gülbadə Abdullayeva televiziya vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək, İfadə Cəfərzadə və Pərvin Abışova barəsində seçilmiş qətimkan tədbirinə yenidən baxılmasını və onların istintaq müddətində həbs edilməsini xahiş edib.

“Övladımın və öz həyatımın təhlükədə olduğunu düşünürəm. Dövlətimin qanunlarından başqa sığınacağım və güvənəcəyim başqa yer yoxdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, məqalədə yer alan ittiham və iddialar şikayətçi tərəfin açıqlamalarına əsaslanır.
Araşdırma və istintaq tədbirləri davam edir.

Son xəbərlər