Gündəm / Səhiyyə
5
Dünən, 16:14

Mirələm Cəlalov da gedir-Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində narahatlıq

Azərbaycanda səhiyyə sistemi ilə bağlı narazılıqlar səngimək bilmir. Xüsusilə TƏBİB-in fəaliyyəti ilə bağlı həm vətəndaşlar, həm də həkimlər tərəfindən ciddi tənqidlər səsləndirilirdi. Bu narazılıqların fonunda ötən gün qurumun icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi.
Bakunews.tv bildirir ki, lakin diqqət çəkən digər məqam Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovun hələ də vəzifədə qalmasıdır. Onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı da narazılıqlar davam edir.

Vətəndaşlar uzun illərdir təcili tibbi yardım briqadalarının çağırış ünvanına gec çatdığını, xidmətin operativ və səmərəli təşkil olunmadığını bildirirlər. Həmçinin bəzi hallarda həkim briqadalarının dərmansız gəlməsi, sürücü və digər vəzifələrə işə qəbul prosesində tanışlıq və qeyri-rəsmi əlaqələrin rol oynaması ilə bağlı iddialar səsləndirilir. Bu kimi problemlər qurumda ciddi islahatların aparılmasını zəruri edib

Bizimesr.az-a daxil olan məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi-nin direktoru Mirələm Cəlalovun da vəzifədən azad ediləcəyi gözlənilir.

Qeyd edək ki, Mirələm Cəlalovun adı əvvəllər də müxtəlif qalmaqallı məsələlərdə hallanıb. 2024-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən onun barəsində protokol tərtib olunub. Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında hazırlanıb. Həmin maddəyə görə, işçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin və digər ödənişlərin hesablanması və ödənilməsində qanun pozuntusuna yol verən vəzifəli şəxslər 700 manatdan 1500 manatadək cərimə edilə bilər.

Mirələm Cəlalov qərardan şikayət edib, lakin şikayətin nəticəsi ilə bağlı ictimaiyyətə açıqlama verilməyib.

Xatırladaq ki, Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor olub. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışıb.

Onun təyinatından bir neçə gün əvvəl “103” xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurası-nın qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə birləşdirilib və publik hüquqi şəxs kimi fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılıb.

Hazırda isə səhiyyə sistemində aparılan dəyişikliklər fonunda sözügedən mərkəzdə də ciddi kadr islahatlarının aparılacağı deyilir,

Daha ətraflı məlumatlar üçün bizi işləyin…

Bizimesr.az
Son xəbərlər