Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var.“Medicina” xəbər verir ki, eyni vəziyyətlə “Funda” hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib.
Ayaz Səmədzadə şikayətində ətrafının tövsiyəsi ilə seçdiyi həkimin qəbulundan məhz analiz məsələsinə görə imtina alıb.
“Xahiş edirəm məni başa salın, bəlkə mənim bu məsələdə anlamadığım nəsə var.
Dünən “Funda” hospitalda qaraciyərimi yoxlatmaq üçün Fərrux Nağıyevin qəbuluna yazıldım. Heç bir ciddi problemim yox idi, sadəcə ailəmizdə şəkər xəstələri var deyə, mən də yoxlanmaq istədim.
Qəbula 50 manat ödədim, həkim məni dinlədi, kağıza 5-6 analiz yazdı ki, bunları verin. Reseption isə ümumi klinikanın yox, elə həkimin öz şöbəsinin qəbul şöbəsi idi.
Ordakı xanım ümumi 528 manat ödəməli olduğumu deyəndə buna gücüm çatmadığımı anladım və təklif etdim ki, kağızı verin, özüm Referansda, ya daha münasib yerdə verim, cavablarla gəlim. Razı olmadılar, pulumu da qaytarıb dedilər, xoş getdin. Yəni mədəni şəkildə qovuldum. Hələ də heç nə anlamıram.
Dostum da həkimdir, zəng edib ona danışdım. Dedi yaxşı qurtarmısan, səni əməliyyat masasına uzatmayıblar".
Məsələ ilə bağlı Fərrux Nağıyevin fikrini almaq üçün köməkçisi ilə əlaqə saxladıq.
Əsas sorğumuz həkim üçün məhz çalışdığı klinikada pasiyentin analiz verməsinin səbəblərini öyrənmək idi. Həkim şikayətin harda yayımlandığını öyrənəndən sonra açıqlama verməkdən imtina etdi.
“Həkim öz mövqeyini hüquq mühafizə orqanlarına bildirib. Bu məsələ ilə bağlı böhtana görə polis orqanlarına müraciət olunub. Məsələ mübahisələndirilsə, məhkəməyə müraciət olunacaq”.
Bakunews.tv