Gündəm / Mədəniyyət
28
Bu gün, 16:33

Xətai rayonunda Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil olunub FOTOLAR

Xətai rayonunda 2016-cı ilin Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilmiş ehsan süfrəsi təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.

Tədbir iştirakçıları Aprel döyüşlərinin ildönümü ilə əlaqədar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən artıq 10 il ötür. Onun sözlərinə görə, həmin döyüşlər zamanı Ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına layiqli cavab verərək Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində strateji əhəmiyyətli yüksəklikləri və 2000 hektardan çox ərazini işğaldan azad edib.

Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi zəfər sonrakı böyük Qələbələrin, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən uğurların əsasını qoydu.

Çıxışlarda qeyd olunub ki, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutur, qazilərə və müharibə iştirakçılarına yüksək ehtiram göstərir. Bildirilib ki, həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində Azərbaycan xalqı dövlətin və Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi nailiyyətlərə imza atıb.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağının qürurla dalğalanması əldə olunan Qələbənin ən böyük rəmzi kimi dəyərləndirilib.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.











Son xəbərlər