Gündəm
4
Dünən, 18:31

Eldar Mahmudovun daha bir qalmaqallı mənzil mübahisəsi: - Məhkəmə qərarları ziddiyyət təşkil edir

Eldar Mahmudovun daha bir qalmaqallı mənzil mübahisəsi: - Məhkəmə qərarları ziddiyyət təşkil edir

Bakı şəhərində yerləşən “Dolçasaray” MMC-yə məxsus yaşayış binası ilə bağlı uzun illərdir davam edən məhkəmə çəkişməsi yenidən gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, mübahisə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ilə mənzilləri sonradan alan vətəndaşlar arasında yaranıb.

Hadisənin başlanğıcı 2006-cı ilə dayanır.

Belə ki, iddialara görə, 2006-cı ilin sentyabr ayında nazirin adından çıxış edən şəxslər “Dolçasaray” MTK-nın ofisinə gələrək tikilməkdə olan binadan mənzillər alınacağını bildirərək möhürlü, lakin boş müqavilə blanklarını götürüblər.

Sonradan həmin müqavilələrdə layihəyə uyğun olmayan sahələr qeyd olunaraq əvvəlcə nazirin qohumu Fərhad Məlikovun, daha sonra isə Anar Mahmudovun adına rəsmiləşdirildiyi bildirilir.

İddialara görə, bu proses zamanı heç bir ödəniş həyata keçirilməyib və bunu təsdiq edən maliyyə sənədləri mövcud deyil.

Lakin 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra şirkət tərəfindən ödəniş tələb olunsa da, iddia olunan mənzillərə görə vəsait ödənilməyib və tərəflər faktiki olaraq mənzillərdən imtina ediblər.

Bunun əsasında 29 iyul 2020-ci ildə məhkəmə qərarı ilə “Dolçasaray” MMC ilə Anar Mahmudov arasında bağlanmış müqavilələr ləğv edilib. Daha sonra həmin mənzillər digər şəxslərə satılıb.

Yeni iddia və məhkəmə qərarları

2021-ci ildə Anar Mahmudovun nümayəndəsi məhkəməyə müraciət edərək mənzillərin geri qaytarılmasını tələb edib. Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəmələri iddianı əsassız hesab edib.

Məhkəmələr qeyd ediblər ki, yeni alıcılar mənzilləri qanuni şəkildə əldə ediblər, dövlət reyestrinə əsaslanıblar, mənzillər üzərində hər hansı hüquqi yükümlülük olmayıb.

Ancaq Ali Məhkəmənin qərarı mübahisə doğurur.

Buna baxmayaraq, 2023-cü ildə Ali Məhkəmə əvvəlki instansiyaların qərarlarını nəzərə almadan Anar Mahmudovun xeyrinə qərar verib. Bu qərarın əsaslandırılması ictimaiyyətə açıqlanmayıb və mübahisələrə səbəb olub.

İcra mərhələsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, iddia edilən ölçüdə mənzillər binanın 14-cü mərtəbəsində ümumiyyətlə mövcud deyil. Bu fakt sonradan məhkəmə tərəfindən də təsdiqlənib.

2024-cü ildə məhkəmə həmin mənzillərin mövcud olmadığını tanıyıb, 2025-ci ildə isə apellyasiya instansiyası bu qərarı qüvvədə saxlayıb.

Buna baxmayaraq, 2026-cı ilin fevralında Apellyasiya Məhkəməsi əvvəlki mövqeyindən fərqli qərar qəbul edərək Anar Mahmudovun iddiasını təmin edib. Qərar mart ayında sistemə yerləşdirilib.

Şirkət və mənzil sahibləri bildirirlər ki, bu qərar 6 ildir həmin mənzillərdə yaşayan ailələrin, o cümlədən azyaşlı uşaqların məcburi çıxarılması ilə nəticələnə bilər.

Məsələ ilə bağlı şirkətin mövqeyi var.

“Dolçasaray” MMC bəyan edir ki, əgər Anar Mahmudov həmin mənzillərə görə hər hansı ödəniş etdiyini sübut edə bilsə, şirkət həmin məbləği ödəməyə hazırdır.

Eyni zamanda, şirkət tərəfi iddia edir ki, bəzi şəxslər tərəfindən məhkəmə proseslərinə təsir göstərilməsi ehtimalı mövcuddur. Bildirilir ki, qarşı tərəfin nümayəndəsi tərəfindən məhkəmə prosesləri ilə bağlı qeyri-rəsmi təkliflər də səsləndirilib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər