Gündəm / Siyasət
2
Bu gün, 17:57

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirdi.

Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirildi.

Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxundu.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulandı, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər