Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi 9-cu aydır ki, araşdırılmaqdadır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi üzrə istintaqın müddəti sonuncu dəfə ötən ay Səbail Rayon Məhkəməsinin qərarı ilə daha 5 ay uzadılıb. Bu qərar göstərir ki, istintaq orqanı cinayət işi üzrə araşdırmaları hələ başa çatdırmayıb və əlavə prosessual hərəkətlərə ehtiyac olduğunu hesab edir.
Ramiz Mehdiyev sovet dövründən etibarən Azərbaycan dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb. O, 1994-cü ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yüksəlib və 2019-cu ilə qədər ölkənin ən təsirli məmurlarından biri kimi tanınıb. Uzun illər ölkədə daxili siyasi proseslərin əsas koordinasiyaçılarından biri hesab olunub. Elə buna görə də mətbuatda və siyasi dairələrdə "boz kardinal" kimi təqdim olunurdu. 2019-cu ildə Prezident Administrasiyasından ayrıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mehdiyev 2022-ci ildə həmin vəzifədən də istefa verib. 2025-ci ilin oktyabrında isə Ramiz Mehdiyev bir neçə xüsusilə ağır cinayətdə ittiham olunmaqla istintaqa cəlb edilib. İttihamlar arasında dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş fəaliyyət və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi maddələr yer alır.
Yayılan məlumatlardan belə anlaşılır ki, Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda hakimiyyət dəyişikliyi ssenarisi hazırlanıb, keçid dövrü üçün Dövlət Şurası formatında yeni idarəetmə modeli təklif olunub və bu plan xarici dairələrlə müzakirə edilib.
Məhkəmə Ramiz Mehdiyev barəsində həbs deyil, ev dustaqlığı qətimkan tədbirini qüvvədə saxlayıb. Bu qərar onun yaşı, səhhəti və digər fərdi hallar nəzərə alınmaqla verilib.
Cinayət-Prosessual Məcəlləsinə görə, ev dustaqlığının həbslə əvəz olunması üçün istintaq orqanı əlavə riskləri əsaslandırmalıdır. Bunlara istintaqdan yayınma ehtimalı, sübutların məhv edilməsi, şahidlərə təsir göstərilməsi və ya yeni cinayət törətmək təhlükəsi daxildir.
Hazırkı mərhələdə məhkəmə daha sərt qətimkan tədbirinə ehtiyac görməyib. Araşdırmaların yalnız siyasi ittihamlarla məhdudlaşmadığı, iş üzrə dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz maliyyə əməliyyatları və iri həcmli maliyyə axınlarının da saf-çürük edildiyi bildirilir.
Ramiz Mehdiyevin cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı iddia olunur.
İstintaq çərçivəsində onun və yaxın ətrafının daşınmaz əmlakları üzərində məhdudiyyətlər tətbiq edilib, əmlakların satışı və özgəninkiləşdirilməsi nəzarətə götürülüb.
Cinayət işi yalnız Ramiz Mehdiyevlə məhdudlaşmır. İstintaq çərçivəsində ailə üzvləri və yaxın çevrəsi ilə bağlı da bir sıra hüquqi qərarlar qəbul olunub. Məlumata görə, bəzi ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub, bir sıra keçmiş vəzifəli şəxslər işdən uzaqlaşdırılıb.
Cinayət işi üzrə istintaqa cəlb olunan şəxslər arasında Ramiz Mehdiyevin uzun illər köməkçisi olmuş şəxslə yanaşı, AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və digər şəxslər də var. İstintaq orqanının təqdimatları əsasında Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş qətimkan tədbirlərinin və prosessual məhdudiyyətlərin müddətini də uzadıb. Məlumata görə, istintaq həmin şəxslərin cinayət işi üzrə mümkün əlaqələrini, aralarındakı təmasları, maliyyə və təşkilati əlaqələri, eləcə də iş üzrə digər epizodları araşdırır.
Cinayət-Prosessual Məcəlləsinə əsasən, xüsusilə ağır və çoxepizodlu cinayət işlərində ibtidai istintaqın müddəti bir neçə dəfə uzadıla bilər. Belə işlərdə çoxsaylı maliyyə sənədlərinin araşdırılması, ekspertizaların keçirilməsi, beynəlxalq hüquqi yardım sorğularının icrası və çoxsaylı şahidlərin dindirilməsi araşdırmanın uzun çəkməsinə səbəb olur.
Son qərarla Ramiz Mehdiyev barəsində tətbiq olunan prosessual məhdudiyyətlərin ümumi müddəti bir ilə yaxınlaşır.
Bakunews.tv