Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.
Bakunews.tv “Qafqazinfo”a istinadla xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.
Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. “Azəriqaz” məsələnin terminallarla bağlı olduğunu qeyd edir.
Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin “Azəriqaz”dan qaynaqlandığını bildirirlər.
“MPay” MMC məsələ ilə bağlı açıqlama yayıb:
“Hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”.