İqtisadiyyat
4
Bu gün, 19:41

Vətəndaşlar pullarını "TuranBank"dan geri çəkir

Vətəndaşlar pullarını "TuranBank"dan geri çəkir

Bu ilin üç ayında "TuranBank"ın aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 0,6% azalaraq 907 milyon 176 min manatdan 901 milyon 279 min manata enib. Öhdəlikləri isə 1,06% azalaraq 802 milyon 369 min manatdan 793 milyon 899 min manata enib.
Teleqraf xəbər verir ki, bankın aktivlərinin azalmasında başlıca rolu nağd vəsaitlərinin kəskin enməsi olub. İlin əvvəlin qeydə alınan 107 milyon 718 min manat hazırda 81 milyon 910 min manata düşüb.

Bankın nağd vəsaitlərinin azalması kredit portfelinin kiçilməsi ilə nəticələnib.

"TuranBank"ın öhdəliklərinin azalmasında əhalinin maliyyə qurumundan pullarını geri çəkməsi rol oynayıb. Bankın ilin əvvəlində 468 milyon 532 min manat olan depozit portfeli ötən üç ayda 4,64% azalaraq 446 milyon 791 min manata enib. İstər fiziki, istərsə də hüquqi şəxslərin bankdakı vəsaitləri azalıb. Fiziki şəxslərin əmanətlərində 5 milyon 947 min manat (1,53%), hüquqi şəxslərin vəsaitlərində isə 15 milyon 795 min manat (20%) azalma qeydə alınıb.

2026-cı ilin ilk rübündə bankın cəmi əməliyyat gəlirləri 34 milyon 472 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 502 min manat, əməliyyat mənfəəti 6 milyon 970 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 90 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bu da onu göstərir ki, bankda vaxtı keçmiş kreditlərin həcmi çoxdur. Aktivlərin dəyərsizləşməsi riski yüksəkdir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Turanbank" 6 milyon 875 min manat əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.

Bu il mümkün zərərlər üçün ayrılan ehtiyatların 1 milyon 569 min manat azadılmasının əsas səbəbi azalan aktivlər, öhdəliklər və artan xərclər fonunda bankın rübü mənfəətlə başa vurmaq cəhdi olub. Zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğin bir hissəsi bu dəfə mənfəətə əlavə edilib.

Xatırladaq ki, 2025-ci ildə "TuranBank”ın xalis mənfəəti 51 faiz (təxminən 1,3 milyon manat) azalaraq 1,2 milyon manata enmişdi.

2026-cı ilin ilk rübündə "TuranBank"ın cəmi əməliyyat gəlirləri 5 milyon 991 min manat, əməliyyat xərcləri isə 5 milyon 997 min manat artıb. Qısası, xərclərdəki artım gəlirlərdəki artımı demək olar ki, silib.

Bakın faiz xərcləri ötən ilin 3 ayında 11 milyon 552 min manat olmuşdusa, bu ilin eyni dövründə 15 milyon 917 min manata çatıb. Yəni 35,09% artıb. Bunun da əsas səbəbi bankın cəlb etdiyi kreditlər üzrə ödədiyi faiz xərclərinin 3 dəfəyə qədər artımıdır. Bu rəqəm ötən ilin birinci rübündə 1 milyon 814 min manat idisə, bu ilin eyni dövründə 5 milyon 182 min manat olub.

Maliyyə qurumunun qeyri-faiz xərcləri də illik müqayisədə 19,16% artıb. 2025-ci ilin 3 ayındakı 9 milyon 722 min manatdan 11 milyon 585 min manata çatıb.

Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9,16% artaraq 155 milyon 174 min manata bərabər olub.
“TuranBank”ın banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 58,64% azalaraq 67 min manata, bank və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 10,67% azalaraq 837 min manata enib. Ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri isə 311 min manata düşüb (41,76% azalma).

Diqqəti çəkən isə bankdakı vaxtı keçmiş kreditlərin həcminin hələ də yüksək olmasıdır. Belə aktivlərin həcmi 40 milyon 599 min manatdır. Bu, kredit portfelinin 5,72 %-nə bərabərdir.

Bundan əlavə, maliyyə qurumu rüb üzrə ödədiyi mənfəət vergisini açıqlamayıb.

Bank eləcə də 2020-ci ildən illik hesabatlarını cəmiyyətə təqdim etmir. Məhz həmin dövrə qədər də bank hər ili zərərlə başa vururdu.

Bankın 2025-ci ilin sonuna olan maliyyə vəziyyətinə nəzər yetirdikdə əslində 2026-cı ilin ilk rübünün niyə bu qədər kritik olduğu aydın olur. Qeyd etdiyimiz kimi, "TuranBank"ın mənfəəti ötən il 2024-cü illə müqayisədə 51,04% azalaraq 1 milyon 223 min manata enib. Hüquqi şəxslərin bankdakı depozitləri 16,25% azalaraq 79 milyon 244 min manata qədər düşüb.

Bankın öhdəlikləri 7,29% artaraq 802 milyon 369 min manat təşkil edib. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 152 milyon 934 min manata (+10,62%), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 142 milyon 152 min manata (+30%) , digər öhdəlikləri isə 14,594 min manata (+48,27%) yüksəlib. Bir sözlə bank ili borclanma ilə başa vurub.

Hesabat ilində “TuranBank”ın faiz xərcləri 15,86% artaraq 55 milyon 169 min manata, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2 milyon 735 min manat (+54,71%), cəlb edilən kreditlərə görə ödənilən faizləri 14 milyon 330 min manata (+2 dəfədən çox), digər faiz xərcləri isə 2 milyon 163 min manata (+6,34%) çatıb.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər