TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanov ilə bağlı iddialar yayılıb. Bu iddiaların şayiə və ya həqiqət olması üçün hüquq-mühafizə orqanlarının öhdəsinə böyük iş düşür. Şəxsən mən səhiyyəmizdəki problemlərdən dəfələrlə yazmışam. Müəyyən dəlil, faktları əlaqədar təşkilatların nəzərinə çatdırmışam. Lakin heç vaxt əməli bir addım atılmayıb.
Referans Media xəbər verir ki, Demokrat.az saytının yazdığına əsasən “Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı jurnalist ilə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib. Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib”. Həmkarlarımız bu jurnalistin kimliyinin onlara bəlli olduğunu, lakin dəqiqləşdirmə apardıqlarını qeyd ediblər. Necə deyərlər, yaşayıb görərik.
Okeanın o tayından bu tayın sularını bulandıran bir neçə jurnalist var ki, onlardan da biri Qənirə Ataşovadır. Məhz bu qadın qəfildən Azərbaycan səhiyyəsi ilə bağlı yazılarla bir müddət gündəmi zəbt etmişdi. Xüsusən də plastik, estetik cərrahiyyə sahəsində fəaliyyət göstərən həkimlərin siyahısını tərtib edib sosial şəbəkə hesablarında paylaşırdı. İndi nədənsə Qənirə Ataşovanın səsi-sədası gəlmir. Bu məsələyə mövqeyini izhar etsə, çox maraqlı olardı.
Bakunews.tv