Səhiyyə
3
Dünən, 15:57

"Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ

"Şərur Rayon Xəstəxanasında uzun müddətdir davam etdiyi iddia olunan ciddi qanun pozuntuları, dövlət vəsaitlərinin səmərəsiz və qanunsuz istifadəsi, əməkhaqqı ödənişləri ilə bağlı saxtalaşdırmalar və ayrı-ayrı şəxslərin himayə olunması barədə məlumatların araşdırılmasını tələb edirik..."
Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sorna bildirilir: "Xəstəxananın ümumi şöbəsində çalışan Azər adlı şəxs və baş mühasib Ədalət adlı şəxsin bir sıra qanunsuz maliyyə əməliyyatlarında iştirak etdiyi, müəyyən işçilərdən pul alındığı və bu ödənişlərin həmin şəxslərə çatdırıldığı iddia olunur.
Xüsusilə dövlət tərəfindən verilən talonların necə istifadə edildiyi və silinməsi ilə bağlı ciddi şübhələr mövcuddur. Bu talonların faktiki olaraq təyinatı üzrə istifadə olunub-olunmadığı, kim tərəfindən və hansı əsasla silindiyi mütləq şəkildə yoxlanılmalıdır.
Digər ciddi məsələ isə əməkdaşların faktiki işə çıxmadan əməkhaqqı almaları ilə bağlıdır. Bildirilir ki, kənd tibb məntəqələrinin yoxlanılması adı altında formal yoxlamalar aparılır, lakin müəyyən şəxslər külli miqdarda pul ödəməklə işə çıxmadan əməkhaqqı almaqda davam edirlər. Həmin şəxslərin Bakı, Şəki və digər şəhərlərdə olduqları halda xəstəxanada işdə göstərilmələri ilə bağlı məlumatların araşdırılması zəruridir.
Məsələn, oksigen təsərrüfatında çalışan bir işçinin təxminən iki ay İstanbulda başqa işlə məşğul olduğu halda xəstəxanada işdə göstərildiyi və əməkhaqqı kartını Azər və Ədalət adlı şəxslərə verdiyi barədə məlumatlar mövcuddur. Əgər bu məlumatlar təsdiqini taparsa, burada əməkhaqqının qanunsuz rəsmiləşdirilməsi və dövlət vəsaitinin mənimsənilməsi əlamətlərinin olub-olmaması hüquqi qaydada araşdırılmalıdır.
Bütün bunlarla əlaqədar aşağıdakı məsələlərin xüsusi nəzarətə götürülməsini tələb edirəm:
1. Xəstəxananın son illər üzrə əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın.
2. İşçilərin davamiyyət jurnalları ilə əməkhaqqı ödənişləri tutuşdurulsun.
3. Xaricdə və ya digər şəhərlərdə olduğu halda işdə göstərilən əməkdaşlar müəyyən edilsin.
4. Əməkhaqqı kartlarının faktiki kim tərəfindən istifadə edildiyi araşdırılsın.
5. Dövlət tərəfindən verilən talonların uçotu və silinməsi tam şəkildə yoxlanılsın.
6. İşə çıxmayan şəxslərin əməkhaqqılarının hansı əsasla ödənildiyi müəyyən edilsin.
7. Azər və Ədalət adlı şəxslərin bu proseslərdə iştirakının olub-olmaması araşdırılsın.
8. İşçilərdən hər hansı formada pul tələb olunub-olunmadığı və bu pulların kimlərə çatdığı müəyyən edilsin.
9. Əgər bu şəxslərin arxasında və ya onları himayə edən vəzifəli şəxslər varsa, onların da müəyyən edilərək məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi təmin olunsun.
Xüsusilə qeyd edirəm ki, məsələ yalnız ayrı-ayrı işçilərin intizam pozuntusu kimi qiymətləndirilməməlidir. Əgər dövlət vəsaitinin mənimsənilməsi, saxta davamiyyət, qanunsuz əməkhaqqı ödənişləri və vəzifədən sui-istifadə faktları təsdiqini taparsa, bu hallara bütövlükdə hüquqi qiymət verilməli və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Eyni zamanda, araşdırmanın xəstəxananın öz daxilində deyil, maraqlar toqquşmasının qarşısını almaq üçün aidiyyəti və müstəqil qurum tərəfindən aparılmasını xahiş edirəm.
Bu məsələ ilə bağlı obyektiv və şəffaf araşdırma aparılmasını, nəticəsi barədə rəsmi məlumat verilməsini və təsdiqlənmiş qanun pozuntuları üzrə konkret tədbirlər görülməsini tələb edirəm..."

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər