Siyasət
13
Dünən, 16:40

Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?

Türkiyəli qardaşlarımıza sualımı elə öz dialektində verəcəm: "Sana ne oluyor, kardeş?!"
İranı başa düşdük; ordakı mühafizəkar molla rejiminin nə istədiyini anladıq. Türkiyəli qardaşlarımıza nə düşüb?! Türkiyə axı İran deyil. İslam Respublikası deyil. Rəsmən şəriətlə idarə olunmur.
Ancaq Türkiyənin mediasına, sosial mediasına baxanda adamın başından tük qabarır. Çoxsaylı səhifələr, hesablar, bir qism media strukturları var, SEPAH mediasının narrativlərini titajlayırlar.

İranlılar yalan olub, bunlar gerçək: xeyli adam sosial mediada və ənənəvi mediada yuyulmamış qaşıq kimi özünü atıb ortaya. Qol-qola tutuşub, Azərbaycanın üzərinə gəlirlər.

"Sözcü" qəzeti, məsələn, özləri demişkən, "başlıq atıb": "Qardaş ölkədə baş örtüyü qadağası".

Mətnə baxırsan, orda Azərbaycan məktəblərində vahid geyim forması haqqında yazılır. Mətnlə başlıq üst-üstə düşmür.

Bilirlər axı: indiki oxucu, izləyici kütləsi əksər hallarda başlığı oxuyub keçir, mətnə baxmır. İndiki informasiya axınları və informasiya texnologiyaları ifrat infantil, "ver yeyim-ört yatım" ukladına köklənmiş izləyici yetişdirib. Üzdən gedir. Bu cür məqsədli materiallar hazırlayanlar da məhz indiki informasiya istehlakçısının bu zəifliyi üzərində oynayır.

İnsan yaradıcı vicdanını nə qədər itirməlidir ki, məktəbli formasının tətbiqini ölkədə baş örtüyü qadağası kimi təqdim eləsin!

"Türkiyə" qəzeti, məsələn, Azərbaycanda məktəb geyimi ilə bağlı qərarları və bu qərarlara lokal etirazları "baş örtüyü böhranı" adlandırıb.

Söhbət axı Azərbaycan Konstitusiyasından, qanunlardan gedir. Nə böhran?! Hansı böhran?!

Azərbaycanda minlərlə orta ümumtəhsil məktəbi var. Onların 99 faizində Konstitusiyanın, qanunların tələbləri, dövlətin qərarları mübahisələndirilmir.

Razılaşmayan da var, narazı olan ayrı-ayrı adamlar da var, əlbət. Ancaq əksəriyyət qanuna tabe olur. Çox az qism məktəblər ətrafında lokal hadisələr olub, kənar təsirlər altında müəyyən elementlər bu məsələyə etirazını adekvat olmayan formalarda, emosional tərzdə bildirib. Zorakılığa yol verilib, xoşagəlməz hallar, qanunsuz əməllər olub. Ancaq bunlar əksəriyyət deyil, az qismdir.

Bunu sanki bütün ölkədə baş örtüyünün qadağan olunması və genişmiqyaslı hadisələr, dərin böhran kimi (özü də yalnız başlıqda) təqdim etmək nə jurnalist peşəkarlığına, nə media standartlarına uyğundur. Dostluğumuzu, qardaşlığımızı hələ bir yana qoyuram.

Qəzet daha da irəli gedərək, Azərbaycanda bu günlərdə yaşananları - məktəbli geyiminin tətbiqini Türkiyədə 28 fevral 1997-ci ildə baş vermiş hadisələrlə eyniləşdirməyə çalışır.

Nə baş vermişdi?

Türkiyədə Milli Təhlülükəsizlik Şurası ordunun təsiri altında bütün ölkədə dini baş örtüyünü yasaqlamağı təkid etmişdi. O zamankı baş nazir Nəcməddin Ərbəkan istefa vermişdi.

Azərbaycanda vahid məktəb geyim qaydaları hara, 28 fevral hara?! Bunu yalnız qüsurlu təfəkkür eyniləşdirə bilər.

Yalnız dövlət təhsil sistemində vahid məktəbli geyim formasının və müəllimlər üçün geyim standartlarının Türkiyədə bütövlükdə baş örtüyünü yasaqlamaqla eyniləşdirmək ya savadsızlıqdan, ya məlumatsızlıqdan, ya da xüsusi məqsədlərlə kampaniyaçılıqdan irəli gələ bilər. Başqa izahı da varsa, bilmirəm.

Ensonhaber, başqaları da bu qəbildən antiAzərbaycan kampaniyası aparır.

Türkiyə iqtidarına yaxın medianın və şəxslərin bu kampaniyada iştirakı ayrıca təəccüb doğurur. Türkiyədə sosial şəbəkələrdə müəyyən qism adamlar və elementlər doğru-saxta profillərlə Azərbaycan əleyhinə SEPAH-ın ağzı ilə (həm də eyni dirijor çubuğu ilə) böhtan xoru oxuyur.

Bu nə deməkdir?!

Türkiyə SEPAH-ın qardaşı deyil axı. Azərbaycanın qardaşıdır. Türkiyənin Mərkəzi Asiyadakı, bütövlükdə Avrasiyadakı türk dövlətlərinə yolu, türk toplumlarına səsi Azərbaycandan keçir. Türk dünyasının böyük hissəsi - həm coğrafi, həm demoqrafik baxımdan, tarix baxımından məhz Azərbaycanda və Mərkəzi Asiyada - Avrasiyadadır. Geoiqtisadi baxımdan desən, Türk dünyası ilə mənəvi-mədəni əlaqələr baxımından desən (hər cəhətdən) Azərbaycan birləşdirici, uzlaşdırıcı ölkədir. Şərqlə Qərbi, Şimalla Cənubu bir araya gətirən coğrafi-siyasi habdır. Türkiyədə və onun xaricində etnik olaraq, nə qədər türk varsa, o taylı-bu taylı Azərbaycanda və dünyada o qədər Azərbaycan türkü var.

Yəni biz də sayca az deyilik. Üstəlik müstəqil dövlətik. Öz siyasi iradəmiz var. Biz müstəqillik uğrunda mübarizə aparanda yanımızda heç kim yox idi. 1990-cı ildə üstünüzdən tank keçəndə, əlimizdən tutan yox idi. Sadəcə o dönəmin Türkiyə iqtidarı narahatlıq ifadə etməklə kifayətlənmişdi; Sovet İttifaqına bir rəsmi nota verilməmişdi.

Bizə arxa duran olmadı. Öz göbəyimizi özümüz kəsdik. Öz haqqımızı özümüz aldıq, öz dövlətimizi özümüz qurduq. İndi öz Konstitusiyamızı özümüz tətbiq edirik, bunda bizə dəstək olmaq əvəzinə Türkiyədə bizə qarşı media və sosial media üzərindən hücum kampaniyası qurmaq yaraşmadı. Həm də heç yaraşmadı...

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər