Təhsil
1
Bu gün, 18:38

İlqar Bayramlı Peşə sistemini niyə idarə edə bilmir? - “Vakansiya yerlərini gizlədirlər”

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial şəbəkə hesabında ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrinin elan olunmasından sonra narazılıqlar artmaqdadır.
Bizimesr.media xəbər verir ki, Agentliyin paylaşımına yazılan şərhlərdə bəzi vətəndaşlar peşə təhsili müəssisələrində işə qəbul və dərs bölgüsü ilə bağlı ciddi iddialar səsləndirirlər.
Sarvan Husayn adlı şikayətçi Agentliyə müraciətində yerli peşə təhsili mərkəzlərində mövcud vakansiyaların gizlədildiyini və bəzi hallarda vəzifələrin “öz adamları” ilə doldurulduğunu iddia edib.
Şikayətçinin sözlərinə görə, xüsusilə gənc və yeni kadrların işə qəbulunda problemlər yaşanıb. O, bəzi yaşlı şəxslərin, hətta 65 yaşdan yuxarı şəxslərin işlə təmin edildiyini, buna qarşılıq gənc mütəxəssislərə imkan yaradılmadığını bildirib.
“Əgər deyirsiniz ki, əsaslı məlumat verin, əslində əsaslı məlumatlardır verdiyimiz, ancaq heç bir tədbir görülmür. Dərs bölgüsü və eləcə də işə qəbul olanların məlumatına baxsanız, dərs bölgüsünə nəzər yetirsəniz, özünüz də bunun şahidi olacaqsınız”, – deyə şikayətçi qeyd edib.
Müraciətdə konkret olaraq Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə bağlı da iddialar səsləndirilib.
Sarvan Husayn iddia edir ki, həmin təhsil müəssisəsində bəzi vakansiyalar barədə məlumatlar vətəndaşlardan gizlədilib. O, həmçinin dərs bölgüsünə nəzarət edən şəxsin müəllimlərdən müxtəlif məbləğlərdə pul tələb etdiyini, pul verildiyi halda dərs saatlarının təmin edildiyini, əks halda isə kənardan müəllimlərin dəvət olunduğunu iddia edib.
Şikayətçi hesab edir ki, peşə təhsili sahəsində şəffaflığın təmin olunması üçün nəzarət mexanizmləri gücləndirilməlidir.
“Bir daha İlqar müəllim, sizdən bir vətəndaş kimi bu məsələyə daha ciddi yanaşmanızı və tək Gəncə məktəblərinə yox, eləcə də digər rayon və şəhərlərdəki peşə məktəblərində olan belə halların qarşısının alınması üçün lazımi əməkdaşlarınıza tapşırıq verməyinizi xahiş edirəm”, – deyə o bildirib.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mövqeyi həmişəki kimi yoxdur. Qurumlar və İlqar Bayramlı təin olunan gündən susmaqdadır.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər