Qanunsuz tikintiyə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs bildirir ki, lazımı orqanlarla anlaşıblar.
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsinin söküb yerində obyekt inşa edilməsi ilə bağlı bir neçə vaxtdır ölkə mətbuatında məlumatlar dərc edilir.
“AAAF Park” yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmamasına baxmayaraq kompleksin girişində ərazi hasarlanaraq 24 saat dayanmadan tikinti işi aparılır. Tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənməsinə baxmayaraq, “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmadığını deyə bilərik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir. Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.
Mediada təkzib olunmayan məlumata görə “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində qanunsuz inşa edilən obyekti Vüqar Sədibəyli adlı iş adamı tikdirir. İş icraçısı Namiq Məmmədov bildirib ki, inşa edilən obyekt hansısa məmura hədiyyə ediləcək. Ona görə də qanunsuz tikintiyə görə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ilə "anlaşıblar".
Məsələ ilə bağlı araşdırmamız davam edir. Mövzuya qayıdacağıq.