Qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətində qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə Qalib Bayramovun (Qalib Toğrul) məhkəmə araşdırmasına start verilib.
Bakunews.tv xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən QHT rəhbərinin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə Qalib Bayramov barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və işin baxışa verilməsi barədə qərar qəbul edib.
Növbəti proses oktyabrın 22-nə təyin edilib.
İttihama görə, Qalib Bayramov və bir qrup QHT nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və qanunsuz sahibkarlıqda ittiham olunurlar. Onun barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.