Ali məktəblərə qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə edən şəxslərlə bağlı ibtidai istintaq tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Dövlət İmtahan Mərkəzindən daxil olan məlumatlar əsasında başlanmış cinayət işi üzrə araşdırmalar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
İstintaqla müəyyən edilib ki, fərdi sahibkar Gündüz Abbasov imtahanlarda kömək məqsədilə gizli texniki vasitələri qanunsuz hazırlayıb və Kamran Əsədovla cinayət əlaqəsinə girərək ümumilikdə 11 nəfərin üzərinə həmin vasitələri quraşdırıb. Həmçinin Sənan Hüseynovun Sumqayıt şəhərində icazəsiz olaraq 31 ədəd bu cür texniki vasitəni satmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittihamlar elan edilib. Gündüz Abbasov barəsində həbs, digər şəxslər barədə isə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq məhkəmələrə göndərilib.
tehsil.media
Bakunews.tv