Bakıda fəaliyyət göstərən “EMV Dent” klinikasında diş həkimi işləyən 1972-ci il təvəllüdlü Şərur rayon sakini Elşən Musa oğlu Zaxarov pasiyentinə özünü klinikanın sahibi kimi təqdim edib, onun külli miqdarda pulunu ələ keçirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, dişlərini müalicə etdiyi Tahir Əhmədağa oğlu Hüseynovla müalicə dövründə yaxın münasibətlər yaradıb. Hüseynovun etibarını qazanıb, implant, rentgen və “Skaner Catcam” aparatları alınmasına şərikli vəsait qoyduqları halda yaxşı qazanc əldə edəcəkləri barədə ona yalan məlumat verib.
Zərərçəkmiş şəxsi inandırdıqdan sonra ondan 29 noyabr 2023-cü ildə işlədiyi “EMV Dent” klinikasındakı xidməti otağında implant alınıb-satılması üçün dövrün valyuta məzənnəsi ilə 51 000 manat təşkil edən 30 000 dollar, “Skaner Catcam” aparatının alınması üçün 35 000 manat, “Ponarama” markalı rentgen aparatının alınması üçün isə 65 000 manat pulunu alıb.
Daha sonra Zaxarov zərərçəkmişə kommersiya fəaliyyəti ilə məşğul olmaq görüntüsü yaratmaq üçün “EMV Dent” klinikasının vəsaiti hesabına alınmış və klinikada quraşdırılmış “Skayner Catcam” və “Ponarama” markalı rentgen aparatlarını göstərib, onların alınması barədə həqiqətə uyğun olmayan məlumat verib.
Elşən Zaxarov ümumilikdə Tahir Hüseynovun 151 min manat pulunu ələ keçirib.
İstintaq orqanı tərəfindən Elşən Zaxarovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə Elşən Zaxarov ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Tahir onun pasiyenti olub, dişlərini düzəltdikdən sonra xanımını yanına gətirib: “Mən xanımın da dişlərini düzəltdim. Bundan sonra münasibətlərimiz yarandı, onlara implantlar sataraq qazanc əldə etməyi təklif elədim. Tahir razılaşdı, mənə pul verdi, implantları və aparatları aldım. Ancaq məni də aldatdıqlarından başıma bu hadisələr gəldi.
Mənə Rusiyaya sanskiyalar tətbiq edildiyindən implantların həmin ölkədə daha tez satıla biləcəyini dedilər. Buna görə bütün malları həmin ölkəyə yolladım və bir müddət sonra maraqlananda malların yoxa çıxdığını gördüm. Həmin şəxsləri tapdım, onların yanına getdikdə mübahisələrimiz yarandı. Mübahisə zamanı diz qapağımı vuraraq sındırdılar. İmplantları Rusiya ərazisinə göndərməyimdən zərərçəkmişin məlumatı olmayıb”.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, rentgen aparatını aldıqdan sonra təkrar qaytararaq həmin qiymətə implant götürüb: “Skaner aparatını da alandan sonra implanta çevirdim. Aparatları Tahirə göstərmişdim. Malların qaytarılması ilə bağlı məndə heç bir sənəd olmayıb. Bütün pulları implanata çevirərək Rusiya ərazisinə göndərmişəm. İmplantları məndən alan şəxs Rusiya vətəndaşıdır. Ona ümumilikdə 178 min manatlıq mal vermişəm. Aldığım implantların bir qismindən isə xəstələrimə istifadə etmişəm”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.
O, həmin ifadəsində göstərib ki, ali təhsilini bitirdikdən sonra stomotoloq-həkim kimi fəaliyyətə başlayıb: “Tahiri təxminən 2023-cü ilin fevral ayından tanıdım. Həmin ilin fevral ayında Tahirin yoldaşının dişlərini müalicə etdirmək üçün sosial şəbəkədən həkim axtaran zaman işlərimlə tanış olub. Daha sonra Nərimanov rayonunda “Metropark" ticarət mərkəzi ilə üzbəüzdə yerləşən “EMV Dent” klinikasına gəldi. Onun yoldaşının dişlərini müalicə etdim. Müalicə təxminən 6 ay çəkdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin noyabrın 28-də Tahirin yoldaşının dişində plomb qırıldığı üçün birlikdə “EMV Dent” klinikasına gəlib: “Tahirin işi olduğu üçün yoldaşı İradəni klinikada qoyaraq getdi. Mən Tahir gələnə kimi xanımla işlər barədə söhbət etdim və ona kampaniyalar barədə məlumat verdim. Kampaniyaların bir və ya iki ildə bir təşkil olunduğunu, 3 gün müddətində implant dişlərə endirimlər edildiyini söylədim. Kampaniya zamanı həmişə 160 dollara olan implantın 120 dollara satıldığını, əgər pulları varsa implantları alıb əldə etdiyimiz qazancı yarı bölə biləcəyimizi dedim.
Bir necə saat sonra Tahir klinikaya qayıdanda ona da bu barədə məlumat verdim. Tahir sabaha kimi fikirləşərək cavab verəcəyini söylədi”.
Elşənin ifadəsinə görə, noyabrın 29-da Tahir Hüseynov yoldaşı İradə ilə birlikdə “EMV dent” klinikasına onun yanına gəlib: “Biz danışdıqdan sonra 250 ədəd implantın 30.000 dollarlıq pulunu verdi. Əldə olunan gəliri yarı böləcəyimizə razılaşdıq. Söhbət zamanı ona klinikanın mənə məxsus olduğunu dedim. Hətta yalandan oğlumun da klinikada işlədiyini söylədim. Daha sonra klinikanı gəzdirərək oğlum Musanı onlara təqdim etdim.
Klinikada gəzəndən sonra iş otağıma qayıtdıq, imkanları varsa bura “Skayner Catcam” aparatı alaraq verməyi təklif etdim. Oradan gələn 8000 manatlıq gəliri hər ay onlarla yarı böləcəyimi, bunun üçün 35.000 manat lazım olduğunu bildirdim. Tahir mənimlə razılaşdı”.
Elşən Zaxarov deyib ki, növbəti gün Tahir yoldaşı İradə ilə birlikdə yenidən onun işlədiyi klinikaya gəlib, 35.000 manatı sayaraq ona verib: “Üç gündən sonra onlar iş yerimə gələn zaman aldığım “Skayner Catcam” aparatını bağlamada onlara göstərdim. Bir necə gün sonra onlara zəng edərək imkan varsa, rentgen aparatının da alınmasını təklif etdim. Çünki klinikada həmin aparatdan olmadığı üçün müştərilərimi itirdiyimi dedim. Aparatdan gələn gəliri də yarı böləcəyimizi dedim.
Tahir həyat yoldaşı ilə birlikdə 65.000 manat pulu iş kabinetimdə mənə verdi. Tahir yoldaşı ilə birlikdə təkrar iş yerimə gələndə “Panorama” markalı rentgen aparatın quraşdırılmış vəziyyətdə gördülər. Bu aparatın hər ay 3000 manat qazanc verəcəyini, pulu da yarı böləcəyimizi dedim. Onlara hər həftənin 4-cü günü gəlib implantdan qazancı götürəcəklərini xatırlatdım.
Bu ərəfədə İradəyə səsli mesaj göndərdim, yeni klinika açmaq istədiyimi bildirdim və əlavə olaraq 165.000 manat istədim. Səhəri gün Tahir yoldaşı iləişlədiyim klinikaya gəldi və yeni klinika üçün pul verə bilməyəcəyini söylədi.
Birinci həftə tamam olanda 3400 manat gəliri Tahirə verdim. Bu pulun 50 ədəd implantın 40 ABŞ dollarından qazancı olduğunu dedim. Tahir “biz danışmışdıq ki, qazancdan əlavə nə qədər implant satılarsa, onun ana pulu da qazancla birlikdə qaytarılacaq” deyə maraqlandı. Bunun 6.000 dolları etdiyini dedi.
Tahirə cavab verdim ki, təzə klinikanın təmirinə başlamışam, 250 ədəd implantı satdıqdan sonra ana pulu tam şəkildə, yəni 30.000 dolları ödəyəcəm. O mənimlə razılaşdılar”.
Təqsirləndirilən şəxs deyib ki, növbəti həftə ikinci dəfə 3400 manatı qazanc kimi şərikinə çatdırıb: “Növbəti həftə artıq qazanc əldə edə bilmədiyim üçün pul verə bilmədim. 2023-cü ildə işlədiyim klinikada Tahirə 2.000 manat vermişəm. Əl yazma ilə yazı yazaraq 2024-cü ildə 7.000 manat məbləğində ona pul ödəyəcəyimi vəd eləmişəm. Mən Rusiyada olan həkimlərdən implantı ucuz qiymətə alaraq üzərinə qazanc kimi müəyyən məbləğ qoyduqdan sonra satmışam. Lakin sonradan implant alanlar məni aldatdığı üçün küllü miqdarda borcum yarandı. Bu səbəbdən pulların arxasınca Rusiyaya getdim.
Mən ümumilikdə Tahirdən 151.000 manat məbləğində pul almışam. Pulların hamısını Nərimanov rayonunda “Metropark”la üz-üzə yerləşən “EMV dent” klinikasında iş otağımda götürmüşəm. Məqsədim implant alıb-satıb, qazanc əldə edərək Tahirlə yarı bölmək olub.
Tahirdən aldığım pulların bir qismini ilkin ödəniş kimi aparatların hazırda xatırlamadığım sahiblərinə vermişəm. Aparatların pulunu arenda şəkilində ödəyəcəyimi fikirləşmişəm. Lakin sonradan Rusiyada olan və məndən implant alan şəxslər tərəfindən aldadıldığım üçün aparatların pullarını verə bilməmişəm. Aparatları gətirmiş şəxslər onları klinikadan geri götürüblər”.
İş üzrə zərərçəkmiş Tahir Hüseynovun sözlərinə görə, valideynlərindən ona qalmış ev sökülüb, əvəzində onlara yeni ev verilib: “Pula ehtiyacım olduğundan evi satışa qoydum. O zamanlarda Elşən mənim böyük həcmdə pul alacağımdan xəbəri olub.
Həyat yoldaşım evə gəldikdə həkimin yaxşı təklifi olduğunu dedi. Həkim yoldaşıma üç ildən bir implant kampaniyaları olduğunu və bəzi şəxslərin əmlaklarını sataraq implant alıb qazanc əldə etmələrindən danışmışdı. Elşənin özəl klinika işlətdiyini yoldaşımla müzakirə edərək onun təklifilə razılaşdıq. Lakin səhv edərək Elşənin bizdən pul alması vaxtı öz xətti ilə ondan qəbz almadıq.
Pulu verdiyim vaxt Elşən mənə laboratoriyasının olmadığını, xəstələrini başqa laboratoriyalara göndərdiyini və ona görə pul itirdiyini bildirdi, “laboratoriya ala bilsəniz, əla olar” dedi. Səhəri gün Elşənə təkrar 35 min manat verdim. O, implantlar alınması barədə mənə şəkillər göndərdi. Mənə və yoldaşıma skanerlər, laboratoriya avadanlıqlarının qutularını göstərdi. Daha sonra mənə və yoldaşıma rentgen aparatı alınmalı olduğunu, yoxsa müştərilərin əldən çıxdığını, bunun üçün daha 65 min pul lazım olduğunu söylədi. Mən Elşənə avadanlığın baha olduğunu və buna maraq göstərmədiyimi dedim.
Amma Elşənin yanına gedəndə yoldaşım məndən xəbərsiz həmin məbləğdə pulu öz çantasına qoyubmuş. Bu pulu da Elşənə verdim. O bizdən dörd gün ərzində ümumilikdə 151 min manat pul aldı”.
Zərərçəkmiş qeyd edib ki, onlar Elşənlə hər implanta görə qazancı böləcəklərinə razılaşıblar: “Hər həftənin dördüncü günü mənə 8 min ödəniş edəcəkdi. Amma pulu almağa gələndə 3400 manat verdi. Soruşanda yeni klinika açdığını və buna görə ödənişləri gecikdirdiyini bildirdi. Eyni hal ikinci həftə də təkrarlandı, üçüncü həftədə isə artıq ödəniş etməyi dayandırdı.
Elşəndən ümumilikdə 8800 manat ala bilmişəm. Yanvar ayından başlayaraq o, müxtəlif bəhanələrlə görüşməkdən yayındı. Yanvarın 30-da danışanda fevral ayının 2-də 17 min verəcəyini dedi. Ayın 1-də Elşənin klinikasına gedəndə oranın bağlı olduğunu gördüm. Laboratoriya kimi göstərdiyi yerə getdikdə isə ümumiyyətlə orada Elşənə aid heç bir əşya olmadığını dedilər”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Zaxarov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilib. 151.000 manat maddi ziyan və 444 manat dövlət rüsumu mülki cavabdeh şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb.
Qeyd edək ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı 154 min manat mülki iddia qaldırıb.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Zərərçəkmiş şəxs də apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün cəza hissəsində ləğv edilməsini, təqsirləndirilən şəxsə cəzanın yuxarı həddində, yəni 8-10 il cəza kəsilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi iki şikayətin heç birini təmin etməyib.
Qeyd edək ki, Elşən Zaxarov diş həkimi kimi sosial şəbəkələrdə aktiv olub. Paylaşımlarda Azərbaycanda ilk ağrısız, kəsiksiz, qansız və ən əsası, şəkər xəstələrinə də icra oluna bilən implant dişlərin düzəldilməsi barədə məlumatlar verib.
Həmçinin sosial şəbəkələrdə onun tərəfindən 3 dəqiqəyə ağrısız, qansız implantasiya icra olunması haqda da reklam xarakterli materiallar yayılıb.
Bakunews.tv