"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.Bakunews.tv "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, ona elektron qolbaq taxılacaq.
Qeyd edək ki, Nizami Rayon Prokurorluğunun məlumatına əsasən, 2025-ci il mayın 18-də "Yeni Klinika"nın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində mama-ginekoloq işləyən Sevinc Məmmədova Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.
Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb. Həmçinin Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da "Yeni Klinika"da Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada həyatını itirib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.