Gəncə Şəhər Məhkəməsində ötən il qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəmə iclası keçirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs Gündüz Abbasovun əvvəlki iclasda yarımçıq qalmış ifadəsinin alınması davam etdirilib.
Məhkəmə araşdırması zamanı hakim E.Məmmədov təqsirləndirilən G.Abbasovdan valideynlərin onun yanına K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini və iş üzrə keçən texniki avadanlıqların hansı səbəbdən məhz K.Əsədovun ofisindən götürüldüyünü soruşub. G.Abbasov hakimin bu suallarına tam aydın cavab verə bilməyib.
Daha sonra hakim təqsirləndirilən şəxsdən imtahan zamanı Şəmkir rayonundan xüsusi qurğu vasitəsilə sualların cavablandırılması barədə soruşub. G.Abbasov cavabında sözügedən məkanda bir neçə müəllimin olmadığını iddia edib. Lakin hakim ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin özünün və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran digər müəllimlərin verdiyi ifadələrin hazırkı bəyanatlarla ciddi ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Sədrin "müəllimlərə bunun müqabilində nə vəd etmişdiniz" sualına da G.Abbasov yenə tam və dəqiq cavab verə bilməyib. Məhkəmə araşdırması zamanı qanunsuz prosesə cəlb edilən müəllimlər arasında G.Abbasovun yaxın qohumunun, həmçinin Gəncə şəhərinin müxtəlif orta məktəblərində çalışan bir sıra müəllimlərin olduğu məlum olub.
Məhkəmə prosesində dövlət ittihamçısı G.Abbasovun ibtidai istintaq zamanı verdiyi rəsmi ifadəni xatırladıb. Prokuror təqsirləndirilən şəxsin ilkin ifadəsində xüsusi avadanlıqların Kamran Əsədov tərəfindən şəxsən götürüldüyünü qeyd etdiyini bildirib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sualları qarşısında da tam cavab verməkdə çətinlik çəkib.
Daha sonra K. Əsədov ifadə verib. Deyib ki, valideynlərin əksəriyyəti özləri K. Əsədovdan kömək istəyib. O, isə müəyyən məbləğ qarşılığında onlara kömək etmək üçün Gündüz Abbasova istiqamətləndirib. Amma pulun ona çatmayacağını, G. Abbasova ödəniləcəyini bildirib. Avadanlıqların verilməsini isə ilk dəfə valideynlərdən öyrənib. Bütün bunların qarşılığında alınan pulların geri qaytarıldığı vurğulanıb. Pullar qaytarılan zaman isə K. Əsədov ofisdə olmadığını bildirib.
Hakim K. Əsədovun ifadəsini kəsərək ibtidai istintaqda verdiyi ifadəsini xatırladıb. K. Əsədova şəxsi ofisində avadanlıqların quraşdırılması ifadəsinə aydınlıq gətirilməsini istəyib. Köməkçisi olan qaynının ona hansı formada kömək etdiyi soruşulub. K. Əsədov avadanlıqların hansı məqsədlə orada olduğunu bilmədiyini deyib.
K. Əsədov həmçinin cinayət işi üzrə keçirilən məhkəmədə təqsirləndirilən şəxs kimi yox, şahid kimi iştirak etməli olduğunu vurğulayıb.
Dövlət ittihamçısı K. Əsədovdan istintaq dövründə necə dindirildiyini soruşub. O, qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətində (DTX) və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir dəfə olmaqla ümumilikdə iki dəfə dindirildiyini deyib. Amma prosesin bu həddə gələcəyini təsəvvür etməyib.
Bundan sonra hakim K. Əsədovun ibtidai istintaqda verdiyi ifadəsinin bir hissəsini oxuyub. Məlum olub ki, K. Əsədov G.Abbasova mobil nömrə ilə zəng edib. Onunla Bakı şəhərində restoranların birində görüşüblər. G. Abbasov imtahanlarda abuturientlərin yüksək nəticə göstərməsi üçün Türkiyədən xüsusi cihaz gətirdiyini, bu cihazların K. Əsədovun marağını çəkdiyini xatırladıblar. Hətta bir müddət sonra K. Əsədovun Gəncəyə gələrək bu cihazların necə işləməsini öyrənib.
Prosesdə Dövlət İmtahan Mərkəzi (DİM) nümayəndəsi ilə K. Əsədov arasında mübahisə düşüb. K. Əsədov vurğulayıb ki, məhkəmədən bir çox suallara aydınlıq gətirilməsi üçün öncədən prosesin qapalı keçirilməsini istədiyini vurğulayıb. Lakin hakim K. Əsədova ibtidai istintaqla məhkəmədə verdiyi ziddiyətli ifadələrə aydınlıq gətirilməsini tələb edib.
Faktla bağlı məhkəmə istintaqı davam edir.
Növbəti proses iyunun 11-də keçiriləcək.
Bakunews.tv