Gündəm
12
Dünən, 18:09

Deputata qarşı ŞOK şantaj və dələduzluq İDDİASI! İsrail şirkətinin rəhbəri Bakıda necə təzyiqə məruz qalıb?

İsrailin “Beer David” şirkətinin Bakı filialının direktoru Yosefa Eyxel Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edərək, Milli Məclisin deputatı Anatoli Xaimoviç Rafailov və "David Seliverstov" - Kazım Abbasov tərəfindən dələduzluğa və şantaja məruz qaldığını bəyan edib. Şirkət rəhbəri qarşılaşdıqları külli miqdarda mənimsəmə və aldadılma faktlarının hərtərəfli araşdırılmasını, mənimsənilmiş pul vəsaitlərinin geri qaytarılmasını və təqsirkar şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
Musavat.com xəbər verir ki, rəsmi müraciətdə 2025-ci ilin sentyabr ayından 2026-cı ilin iyul ayına qədər olan dövrdə Yosefa Eyxel və onun həyat yoldaşı David Eyxeldən hədə-qorxu, aldatma və rüşvət bəhanələri ilə ümumilikdə 202 min 400 manat vəsaitin mənimsənildiyi bildirilir.

Zərərçəkən tərəfin hüquq-mühafizə organlarına təqdim etdiyi sənədlərə və bank çıxarışlarına əsasən, mənimsənilən vəsait 2 istiqamətə - 134 200 manat “Magen David Group” MMC-nin bank hesabına nağdsız qaydada köçürülüb, 68 min 200 manat nağd şəkildə müxtəlif tarixlərdə "David Seliverstov"a və onun vasitəçilərinə verilib.

“...rüşvət verməliyik” — bəhanəsi

Müraciətdə qeyd olunur ki, "David Seliverstov" zərərçəkənləri inandırmağa çalışıb ki, “Kovalenko” familiyalı keçmiş müştəri ilə aralarında olan məhkəmə və polis mübahisəsində haqlı olsalar bilə, rüşvət verilmədən məsələni uduzacaqlar. 2026-cı ilin may və iyun aylarında "David Seliverstov"un sürücüsü Emin Əhədov və işçisi İlona vasitəsilə dəfələrlə nağd pul alınıb. Hətta "David Seliverstov" Səhiyyə Nazirliyindən guya lisenziya alınması və 70 min manatlıq “depozit” qoyulması adı ilə də əlavə köçürmələr tələb edib. O, bu işləri deputat Anatoli Rafailovun imkanları vasitəsilə həll edəcəyinə söz verib. Bundan əlavə, aylıq 7-8 min manat civarında hüquq, mühasibatlıq və fəaliyyətdə olmayan saxta SMM xidmətləri adı altında vəsaitlər mənimsənilib.

Deputatın kabinetində təzyiq və psixoloji şantaj

Yosefa Eyxelin sözlərinə görə, hadisələrin kökü 2023-cü ilin avqust ayına təsadüf edir. Həmin vaxt Bakıya gələn iş adamları “Magen David”in ofisində deputat Anatoli Rafailovla tanış görüşüblər.


İsraildə müharibə başladıqdan sonra Bakıda rəsmi filial açan şirkət 2025-ci ilin sentyabrında mütəşəkkil təzyiqlə üzləşib. Deputat Anatoliy Rafailov “Magen David”in ofisində, "David Seliverstov" - Kazım Abbasovun kabinetində keçirilən xoşagəlməz görüşdə Eyxellərin üstünə qışqıraraq əlində narazı müştərilərdən onlarla şikayət və İsraildən gələn tələb məktubunun olduğunu iddia edib. Rafailov şikayət sənədlərini göstərməkdən imtina edərək, “Azərbaycanda işləmək istəyirsinizsə, bunu düzgün adamlar vasitəsilə edin” deyib və onları öz vəkili kimi təqdim etdiyi "David Seliverstov"la işləməyə məcbur edib.

2026-cı ilin sentyabrında xarici iş adamları "David Seliverstov"un əvvəllər dəfələrlə dələduzluğa görə məhkum olunduğunu mətbuatdan öyrəniblər. İsrail məhkəməsinə müraciət etmək üçün həmin “şikayət qovluğunu” tələb etdikdə Anatoliy Rafailov sənədləri verməkdən yayınmağa başlayıb. Nəhayət, 2026-cı il sentyabrın 9-da Bakıdakı “Courtyard by Marriott” mehmanxanasında Anatoli Rafailov və onun özünü vəkil kimi təqdim edən “Xaim” adlı şəxslə görüş baş tutub. Söhbət zamanı deputat Anatoli Rafailov Eyxellərə deyib ki, əslində onlardan heç bir şikayət və ya tələb məktubu olmayıb və o, "David Seliverstov"un verdiyi qovluğu heç açmayıb.

Aldadıldıqlarını anlayaraq şoka düşən iş adamlarına görüşdəki “vəkil” tərəfindən hüquq-mühafizə orqanlarına müraciət etməmələri üçün təzyiq göstərilib. Yosefa Eyxel Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına rəsmi müraciət edərək, dələduzluq, şantaj və qanunsuz yolla mənimsənilmiş 202 min 400 manat vəsaitin geri qaytarılmasını, "David Seliverstov", deputat Anatoli Rafailov və cinayət əməlində payı olan digər şəxslər barəsində qanunla nəzərdə tutulmuş ciddi tədbirlərin görülməsini xahiş edib.

P.S. Yazıda adları çəkilən deputat Anatoli Rafailovun və digər şəxslərin də mövqeyini, eləcə də hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasını dərc etməyə hazırıq.


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər