Özünü “yəhudi” əsilli “beynəlxalq hüquq müdafiəçisi” “David Seliverstov” kimi təqdim edən, əslinfə isə Kazım Elşən oğlu Abbasovun qurduğu fırıldaqçılıq şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir.
Üzə çıxan yeni faktlar göstərir ki, xeyriyyəçilik və “beynəlxalq nüfuz” pərdəsi altında fəaliyyət göstərən bu şəbəkə iş adamlarının etibarından sui-istifadə edərək külli məbləğlərdə vəsaitlər ələ keçirib.
Əldə etdiyimiz məlumatlara görə, bu pul ələ keçirmə sxeminin mərkəzində duran əsas şəxslərdən biri də Şəlalə Əhliman qızı Hüseynovadır.
Musavat.com izləyiciləri Şəlalə Hüseynovanı daha öncə dələduzluq yolu ilə ələ keçirilmiş 90 min dolların Nəsimi Məmmədova qaytarılması epizodundan yaxşı tanıyırlar. Bundan başqa o, dələduzluqla ələ keçirilmiş məbləği qaytarandan sonra Səbayel Rayon Polis İdarəsinə şərdən ibarət şikayət məktubunu imzalayan iki nəfərdən biridir. Guya həmin 90 min dollar “David Seliverstov”dan təhdidlə alınıb. Araşdırmalar isə tam əksini ortaya qoyub.
Şəlalə Hüseynovanın “David Seliverstov”la əlaqələri haqda da maraqlı məlumatlar var.
Onun "David Seliverstov"la “Monitorinq TV”nin keçmiş direktoru Elçin Axundzadə üzərindən tanış olduğu bildirilir. Qısa müddətdə “David”in yaxını Təranə adlı xanımla da sıx əlaqələr quran Şəlalə Hüseynova şəbəkədə öz yerini tutub. İddialara görə o, imkanlı iş adamlarını hədəf seçərək addım-addım “David Seliverstov”un şəbəkəsinə yönəldib.
Belə hadisələrdən birinin kulminasiya nöqtəsi 2025-ci ilin iyun ayına təsadüf edib. Şəlalə Hüseynova tanınmış Şirvanlı biznesmenlərdən birini “David Seliverstov”la görüşdürüb.
Görüş zamanı “David Seliverstov” işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində böyük tender payları almaq imkanına malik olduğunu iddia edib. İnandırıcılığı artırmaq üçün ölkədəki müxtəlif yüksək vəzifəli şəxslərin və məşhur bir holdinqin adından istifadə edən şəbəkə rəhbəri biznesmenə böyük layihələr vəd edib.
O, deyib ki, biznesmenin şirkətinə Cəbrayıl rayonunda yaşayış evlərinin tikintisi və yolların çəkilməsi, Salyan rayonunda müxtəlif infrastrukturların inşası həvalə oluna bilər.
Bu fantastik vədlərə inandırılan Şirvanlı iş adamından layihələrin onun şirkətinə “həvalə olunması” adı altında ilkin olaraq yarım milyon manatdan çox vəsait alınıb.
Sövdələşmənin ən diqqətçəkən məqamı isə pulun alınması mərhələsində baş verib. Biznesmen tələb olunan məbləğin tam ödənilməsinə tərəddüd edib, bunun üçün ona Şəlalə Hüseynova Anatoli Xaimoviçin adından xəbər çatdırıb. Bundan sonra da şirvanlı iş adamı tələb olunan mənləği ödəməkdən yayınıb, layihə ona veriləndən sonra pulu ödəyəcəyini deyib. İddia olunur ki, "David Seliverstov" bundan sonra onu kabinetinə dəvət edərək yanında deputat Anatoli Rafailova zəng edib.
Telelefonu mikrafona qoyaraq ona layihə ilə bağlı sual verib. Deputat öz növbəsində “Bütün məbləğ tam ödənilməyənədək heç bir layihə verilməyəcək!” deyib.
Bu söhbətdən sonra iş adamı mifik layihə üçün tələb olunan xüsusilə külli miqdarda pulun tamamını ödəyib. İddia olunur, biznesmenin "David Seliverstov"un tələsinə düşməsində aktiv rol oynayan Şəlalə Hüseynova da bu sövdələşmədən öz payını götürüb. Aradan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, vəd edilən layihələrdən heç bir xəbər çıxmayıb. “David Seliverstov” gecikmələri müxtəlif bəhanələrlə əsaslandırmağa çalışıb, deputat Anatoli Rafailovun adını da çəkməklə vədin yerinə yetiriləcəyini deyib. Hazırda aldadıldığını anlayan biznesmen mənimsənilən vəsaitini geri almaq üçün yollar axtarır. “David Seliverstov” isə onu və digər mifik layihələrə pul vermis digər iş adamlarını hələ də vədlərlə “yemləyir”. Bakıda hüquq müdafiəçisi Çingiz Qənizadə və mətbuatla məhkəmə çəkişmələri apardığını deməklə onları “işlərin qaydasında olmasına” inandırır.
Bununla belə “David Seliverstov” və şəbəkəsində təşviş başlanıb.
Musavat.com-un əldə etdiyi eksklüziv məlumatlara görə, dələduzluq əməllərinin ifşa olunmasından və hüquq-mühafizə orqanlarının diqqətini çəkməsindən təşvişə düşən “David Seliverstov” müxtəlif manevrlərlə məsuliyyətdən yayınmağa çalışır. “David Seliverstov”, Şəlalə Hüseynova və bu dələduzluq piramidasına daxil olan digər şəbəkə üzvləri ilə bağlı Musavat.com-un araşdırmaları davam edir.
Bakunews.tv