Ötən 2 ay Azərbaycan mətbuatının və sosial şəbəkələrin gündəmindən düşməyən “David Seliverstov” əhvalatında yeni gedişat yaşanır. Barəsindəki ilk ifşa məqaləsi yayımlandıqdan sonra xaricə qaçan “David Seliverstov” sosial şəbəkələr üzərindən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə və Media və Yayım Şurasının sədri Əhməd İsmayılova "müraciət" ünvanlayıb. Əslində bu şəxsin kim olduğu və hansı məqsədə xidmət etdiyi artıq heç kimə sirr dəyil. Onun “hüquqi və etik” pafoslu müraciətinin arxasında dayanan ən böyük absurdluq və hüquqi hoqqa çox sadədir - Azərbaycan Respublikasında “David Seliverstov” ad-soyadlı rəsmi vətəndaş ümumiyyətlə mövcud deyil!
Bəli, yanlış oxumadınız. Ölkə rəhbərliyinə, dövlət qurumlarına “müraciət yazan”, media subyektlərini “insaf və obyektivliyə” səsləyən şəxs hüquqi baxımdan bir xəyalətdir, mövcud olmayan addır. Faktiki olaraq, dövlət strukturlarına vətəndaşlığı və rəsmi ad-soyadı olmayan saxta bir profil müraciət edir.
Musavat.com-un apardığı araşdırmalar və zərərçəkənlərin məlumatları göstərir ki, “David Seliverstov” kimi təqdim olunan şəxs əslində Kazım Elşən oğlu Abbasovdur.
Kazım Abbasovun ad-soyadından uzaqlaşıb “David Seliverstov”a çevrilməsi də əbəs deyil. Əgər o, özünü ictimiyyətə beynəlxalq hüquq müdafiəçisi Kazım Abbasov olaraq təqdim etsəydi, keçmişdə onunla ayrı-ayrı türmələrdə olan şəxslər tanıya bilərdi. Görünür bu Kaızm Abbasovun “palnları” ilə üst-üstə düşməyib və o, xəyalət ad-soyadla, həm də yəhudi kimliyinə işarə edən “David Seliverstov” olaraq çıxıb.
Bu baxımdan, istintaq və məhkəmə materialları Kazım Abbasovun “parlaq” keçmişini bütün çılpaqlığı ilə ortaya qoyur.
WhatsApp Image 2026-09-14 at 15.04.32.jpeg (140 KB)
Kazım Elşən oğlu Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə məsuliyyətə cəlb edilib. Keçmişindən xəbərdar olanların verdiyi məlumata görə, o, Nəsimi rayonu ərazisində özünü fərqli formalarda təqdim edərək qadınlara qarşı dələduzluq əməlləri törədib.
O, növbəti dəfə 12 il əvvəl, 2014-cü il 29 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Bu dəfə ona Cinayət Məcəlləsinin 234.4.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
2 il sonra isə yenidən həbsə alınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildə həbsdən buraxılıb.
Barəsində 3 məhkəmə hökmü olan bir şəxsin azadlığa çıxdıqdan sonra ad-soyadını, atasının adını gizlədərək özünü yəhudi əsilli “David Seliverstov” kimi qələmə verməsi sıradan bir gedişat deyil, yaxşı düşünülmüş, mütəşəkkil manipulyasiyadır.
Ən maraqlısı isə odur ki, ölkəni tərk edərkən istifadə etdiyi sənəd də “David Seliverstov” adına deyil, məhz Kazım Abbasov adına verilmiş ümumvətəndaş pasportu olub.
Kazım Abbasov “David” kimliyi altında “Magen David Azerbaijan”, “beynəlxalq hüquq müdafiəçisi” və UN/ECOSOC ilə əlaqəli şəxs kimi ictimaiyyətə özünü təqdim edib. Bu statuslar altında törədilən növbəti əməl isə 90 min dollar məsələsidir. Zərərçəkən Nəsimi Məmmədov və hadisənin canlı şahidi Rəşad Allahverdiyevin Musavat.com-a verdiyi açıqlamalar məsələnin əsl mahiyyətini açır:
Rəşad Allahverdiyev: “David son paylaşımında mənim səsimi montaj edərək pulun borc kimi verildiyini iddia edir. Lakin audiodakı “borc” sözü süni şəkildə uzadılıb. Pulu ona hüquqi köməklik adı ilə verəndə nə notariusa getmişdik, nə də borc sözü var idi. 8 ay pulu geri ala bilmədik. Bizə hədə-qorxu gəlir, “həbsdə olan qardaşının başı bəla çəkəcək” deyə şantaj edirdi. Yalnız avqust ayında məsələni hüquq müdafiəçisi Çingiz Qənizadə ictimailəşdirəndən 3 gün sonra adamları - Şəlalə adlı qadın və Natiq adlı maşın alverçisi pulu gətirib qaytardılar. Hətta 3 min dollar əskik gətirmişdilər, təkidimizlə tamamladılar). Pulu qaytararkən videoya çəkib sonradan şantaj vasitəsi kimi istifadə etməyə çalışdılar”.
Nəsimi Məmmədov: “Bu gün xaricə qaçıb oradan şantajla məşğuldur. Əgər haqlıdırsa, cəsarəti çatırsa, buyursun gəlsin Azərbaycana! Mən bütün sənədləri, yazışmaları rəsmi olaraq hüquq-mühafizə orqanlarına təqdim etmişəm”.
Ölkədən qaçdıqdan sonra sosial şəbəkələrdə “ayın 20-də gəlirəm”, “həqiqət üzə çıxacaq” deyə statuslar paylaşan Kazım Abbasov hələ də “gəlir”.
Bütün bunlarla yanaşı, hazırda hüquq-mühafizə orqanlarına Kazım Abbasovun fərqli adlar altında - biznes qurmaq, xaricdən avtomobil ehtiyat hissələri gətirmək, tanınmış iş adamı Qod Nisanovun adından istifadə etməklə vətəndaşları aldatması kimi müraciətlər var. İndi dövlət qurumlarına müraciət edərək “hüquq və etikadan” dəm vuran şəxsə və onun sponsorlarına bir neçə sual ünvanlayırıq.
Hüquqi baxımdan mövcud olmayan "David Seliverstov" adı ilə dövlət rəhbərliyinə müraciət etmək ictimaiyyəti və dövlət orqanlarını növbəti dəfə aldatmaq cəhdi deyilmi? Əgər "dələduzluq" ittihamları yalandırsa, 8 ay qaytarmadığın 90 min dolları media faktı ictimailəşdirən kimi 3 günün içində nümayəndələrin vasitəsilə niyə təcili geri qaytardın?
Kazımbala, kənardan hədyan danışmaqla, montaj olunmuş audioyazılar və Albaniya küçələrindən çəkilmiş videolarla diqqəti əməllərindən yayındırmaq mümkün deyil. “Ananın vətəni”ndə oturub “David” adı ilə müraciətlərin də xeyri yoxdur. Məsələ artıq media müzakirəsi çərçivəsindən çıxıb - söz hüquq-mühafizə orqanlarınındır.
Bakunews.tv