Bu il avqustun 5-də ölkədən qaçan “David Seliverstov”un qurduğu mütəşəkkil dələduzluq piramidası dağılır!Özünü “David Seliverstov” kimi qələmə verən, əslində isə kimliyi çoxdan ifşa olunmuş Kazım Elşən oğlu Abbasovun qurduğu torun daha bir dəhşətli pərdəsi açılır. Bu, pul ələ keçirmə sxeminin mərkəzində duran əsas fiqurlardan biri - “Monitorinq TV”nin keçmiş direktoru Elçin Axundzadə üzərindən şəbəkəyə gələn və az müddətdə “David”in yaxını Təranə adlı xanımla sıx əlaqə qurub özünü “Magen David Group” MMC-nin yeni direktoru kimi təqdim edən Şəlalə Əhliman qızı Hüseynovadır!
Musavat.com oxucuları Şəlalə Hüseynovanı daha öncə dələduzluq yolu ilə ələ keçirilmiş 90 min dolların Nəsimi Məmmədova qaytarılması epizodundan və sonra Səbail RPİ-yə yazdığı şər-böhtandan ibarət şikayət məktubundan yaxşı tanıyırlar. Lakin onun son hoqqaları bütün hədləri aşıb!
Əldə etdiyimiz məlumatlara görə, fırıldaqçılıq şəbəkəsinin ən böyük kulminasiya nöqtəsi Şəlalə Hüseynovanın tanınmış şirvanlı biznesmenlərdən birini “David Seliverstov”la görüşdürməsindən sonra baş verib.
Görüşdə “David” işğaldan azad edilmiş ərazilərdə - Cəbrayılda yaşayış evlərinin tikintisi və yolların çəkilməsi, eləcə də Salyan rayonunda böyük infrastrukturların inşası üçün dövlət tenderləri vəd edib. İnandırıcılığı artırmaq üçün yüksək vəzifəli şəxslərin və məşhur bir holdinqin adından istifadə olunub.
İş adamı layihələrin onun şirkətinə həvalə olunması adı ilə tələb edilən ilkin yarım milyon manatdan çox vəsaiti verməyə tərəddüd edərkən səhnəyə yenə Şəlalə Hüseynova çıxıb. Şirvanlı biznesmen layihə tam təhvil verilmədən ödəniş etməyəcəyini dedikdə, “David Seliverstov” onu kabinetinə dəvət edərək deputat Anatoliy Rafailova zəng edib! Telefonu mikrofona qoyan “David”in sualına deputat cavab olaraq “bütün məbləğ tam ödənilməyənədək heç bir layihə verilməyəcək!” deyib. Bu təzyiq və teatr tamaşasından sonra şirvanlı iş adamı xüsusilə külli miqdarda pulun tamamını ödəyib. Aktiv rol oynayan Şəlalə Hüseynova isə bu sövdələşmədən öz payını götürüb. Aradan 1 ilə yaxın vaxt keçsə də, nə layihə var, nə pul! “David” isə iş adamlarını hüquq müdafiəçisi Çingiz Qənizadə və mətbuatla guya məhkəmə çəkişmələri aparması bəhanəsi ilə hələ də “yemləməkdədir”!
İş adamlarının pullarını mənimsədikdən sonra hüquq-mühafizə orqanlarının diqqətini çəkən şəbəkə indi də vaxt qazanmaq üçün başqa bir hoqqaya əl atıb! Özünü “Magen David Group”un rəhbəri kimi qələmə verən Şəlalə Hüseynova pulu alınan iş adamlarına zəng edərək “Narahat olmayın, “David Seliverstov” Bakıdakı obyektini satıb borcları ödəyəcək” deyib və onlara rəsmi çıxarışın surətini göndərib.
Həmin sənəd Bakı şəhəri, Nəsimi rayonu, 984-cü məhəllə, Qulu Quliyev küçəsi, ev 41 ünvanında yerləşən 1-ci mərtəbənin 2-ci səviyyəsindəki 350.1 kv.m və 226.16 kv.m obyektin sənədləridir. Obyekt satışa 2 milyon manata çıxarılıb. Lakin əmlak mütəxəssislərinin müstəqil qiymətləndirməsinə görə, həmin obyektin real bazar dəyəri 1 milyon manatdır! Yəni zərərçəkənlərə borcun ödənilməsi adı ilə real dəyərindən ən azı 1 milyon manat baha göstərilən, satılması aylar-illər çəkəcək bir əmlak sənədi sırınır! Məqsəd zərərçəkənləri sakitləşdirmək və vaxt qazanmaqdır!
Şəlalə Hüseynovanın dili ilə danışan “David Seliverstov”un bu növbəti hoqqabazlığını və tələsini anlayan zərərçəkən iş adamları uydurma əmlak sxemlərini və mifik layihə vədlərini rədd edərək mənimsənilmiş külli miqdarda vəsaitlərinin dərhal və nağd şəkildə qaytarılmasını tələb edirlər!
Hazırda dələduzluq şəbəkəsində böyük təşviş başlanıb. İş adamları “David Seliverstov”dan pullarını tələb edirlər. Artıq hüquq-mühafizə orqanlarına müraciət edənlər də var.
Mövzunu diqqətdə saxlayırıq.
E.Məmmədəliyev,
Musavat.comBakunews.tv