"Windows 11" əməliyyat sistemində istifadəçilərin işini əhəmiyyətli dərəcədə asanlaşdıran bir sıra gizli və faydalı funksiyalar aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "How-To Geek" nəşrinin jurnalistləri öz materiallarında məlumat yayıblar.
Məqalənin müəllifi Nik Lyuisin sözlərinə görə, bu funksiyalar kompüterdən istifadəni daha rahat və səmərəli edir. Ekspert ilk olaraq sistemdə mövcud olan "Mübadilə buferinin tarixçəsi" (Clipboard History) funksiyasını vurğulayıb. Bu imkan eyni vaxtda bir neçə mətn parçasını, şəkli və ya keçidi yadda saxlamağa şərait yaradır. Genişləndirilmiş buferi açmaq üçün klaviaturada "Win+V" düymə kombinasiyasını sıxmaq kifayətdir.
Müəllif həmçinin qeyd edib ki, "Win+H" düymələri vasitəsilə istənilən mətn sahəsi olan proqramda səsli daxiletmə funksiyasını aktivləşdirmək mümkündür. Onun sözlərinə görə, bu xidmət tamamilə ödənişsizdir və insan nitqini kifayət qədər dəqiq tanıyır.
Bundan əlavə, "Windows 11"də bir ekranda pəncərələrin rahat və nizamlı şəkildə yerləşdirilməsinə imkan verən xüsusi alət də mövcuddur. İstifadəçilər bu funksiyanı "Win+Z" kombinasiyası ilə işə sala bilərlər.
Nik Lyuis əməliyyat sistemində videolar üçün avtomatik subtitrlərin yaradılması funksiyasını da önə çəkib. İstənilən videoda səsli dialoqları mətnə çevirən bu imkan "Win+Ctrl+L" düymələri vasitəsilə aktivləşdirilir.
Məqalənin sonunda jurnalist "Dynamic Lock" (Dinamik kilidləmə) adlı təhlükəsizlik yeniliyinə də toxunub. Smartfonla sinxron şəkildə işləyən bu funksiya, istifadəçi kompüterdən təxminən фдеж metrdən çox uzaqlaşdıqda ekranı avtomatik olaraq bloklayır və cihazın təhlükəsizliyini təmin edir.
Bakunews.tv