"Bərdənin köhnə bazarında vəziyyət artıq “nəzarətsizlik” həddini çoxdan keçib. Bazara daxil olan kimi antisanitariya, zibillik və xaotik ticarət mənzərəsi ilə qarşılaşırsan. Yol və səkilər kənd məhsullarının satışı üçün zəbt olunub. Sanki şəhərin bir hissəsi ümumi istifadədən çıxarılaraq kiminsə şəxsi gəlir mənbəyinə çevrilib..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Xəyyam Salmanzadə qeyd edib.
Ən maraqlısı isə budur ki, bu vəziyyət aidiyyəti qurumlara dəfələrlə çatdırılsa da, ciddi dəyişiklik görünmür.
Bəs AQTA-nın yerli bölməsi nəyi gözləyir?
Söhbət adi bir ticarət obyektindən getmir. Burada ərzaq məhsulları satılır, ərazi yaşayış binalarının və məktəbin yaxınlığındadır. Antisanitariya isə insanların sağlamlığı üçün real risk yarada bilər.
Digər məsələ isə yer haqqıdır.
Satıcılardan hər gün böyük məbləğdə yer haqqı toplandığı bildirilir. Hətta gündəlik yığımın təxminən 5 min manatdan çox olduğu barədə iddialar səslənir.
Əgər bu rəqəmlər doğrudursa, ortaya çox ciddi suallar çıxır:
Satıcılara yer haqqı ödənilməsi ilə bağlı çek verilirmi?
Toplanan vəsait rəsmiləşdirilirmi?
Vergiyə nə qədər ödənilir?
Bazarın gündəlik və aylıq dövriyyəsi nə qədərdir?
Və ən əsası:
Bu qədər pul dövr edən bazar niyə zibillik içindədir?
Biz kiminsə qazanc əldə etməsinə qarşı deyilik. Qanun pozuntusu varsa, bunu araşdırmaq hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarının işidir.
Amma şəhərin ortasında, məktəbin və yaşayış ərazisinin yanında fəaliyyət göstərən bazarın sanitar vəziyyətinə və ictimai ərazinin zəbt edilməsinə kim nəzarət edir?
Bərdənin aidiyyəti qurumları bu suallara cavab verməlidir.
Çünki məsələ artıq təkcə bazarın görünüşü deyil.
Məsələ şəhərin küçəsinin, səkinin, insanların rahatlığının və sağlamlığının kiminsə kommersiya maraqlarına qurban verilib-verilməməsidir.
Bərdənin köhnə bazarı kimə tabedir – dövlət nəzarətinə, yoxsa “bazarkom” qaydalarına?"
DİA-AZ
Bakunews.tv