Araşdırma
31
Bu gün, 14:03

Azərbaycanlı iş adamı SAXLANILDI

Gürcüstanda azərbaycanlı iş adamı saxlanılıb.
“Mamed GAS” MMC-nin rəhbəri Nəriman Allahverdiyev bu gün səhər saatlarında saxlanılıb.

Onun vəkili Rövşən Ziyadəliyev bildirib ki, Nəriman Allahverdiyev bu mərhələdə susmaq hüququndan istifadə edir:

"Məlum olduğu üzrə, bu gün səhər saatlarında Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəriman bəyə qarşı qanunsuz sahibkarlıq fəaliyyəti maddəsi ilə istintaq aparılır. Hazırda iş materialları tərəfimizdən tam şəkildə öyrənilir və hüquqi qiymətləndirmə aparılır. İş materiallarının hərtərəfli araşdırılmasından sonra ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim olunacaq".

Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəriman Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla saxlanılıb.

Hazırda Nəriman Allahverdiyev barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir.

Sözügedən maddə qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyət nəzərdə tutur. Maddənin müvafiq bəndlərinə əsasən, əmələ görə cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Xatırladaq ki, Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) daha əvvəl yaydığı açıqlamaya görə, “Mamed” MMC-nin təbii qazın paylanması üzrə lisenziyası 1 avqust 2026-cı il tarixindən ləğv edilib.

Komissiya bildirir ki, lisenziyanın ləğvindən sonra şirkət tərəfindən qazın qoşulması və ya kəsilməsi ilə bağlı həyata keçirilən əməliyyatlar qanunsuz hesab olunur./Lent.az

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər