Bölgə / Sosial
28
16-03-2026, 11:48

Şabranda zibillik problemi: sakinlər üfunət və tüstüdən şikayət edir -Video


Şabran şəhərində zibillik problemi yerli sakinlərin ciddi narahatlığına səbəb olub. Məlumata görə, Tofiq İsmayılov küçəsinin kəsişməsində yerləşən zibillik poliqonunda vəziyyətin kritik həddə çatdığı bildirilir.

Bakunews.tv-yə danışan sakinlərin sözlərinə görə, uzun müddətdir ərazidə yığılan tullantılar səbəbindən ətraf mühitdə ciddi problemlər yaranıb. Onların iddiasına əsasən, zibilliyin həcmi getdikcə artır və əraziyə yayılan kəskin qoxu və üfunət səbəbindən həmin yoldan keçmək demək olar ki, mümkünsüz hala gəlib.

Sakinlər bildirirlər ki, bəzi hallarda zibillikdə toplanan tullantılar gecə saatlarında yandırılır. Bu isə ətrafa qalın tüstünün və daha ağır qoxunun yayılmasına səbəb olur. Nəticədə ərazidə yaşayan insanların gündəlik həyatı çətinləşir.

Onların sözlərinə görə, yaranmış vəziyyət həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi mənfi təsir göstərir. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində hələ ki, ciddi addım atılmayıb.

Şikayətçi vətəndaşlar ümid edirlər ki, məsələ medianın diqqətinə çatdırıldıqdan sonra aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və problemin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Son xəbərlər