Cəmiyyət
134
19-02-2025, 10:47

Ana: Ömrümüzün İşığı

Ana... Bu bir kəlmə, lakin içində sonsuz sevgi, fədakarlıq və şəfqət gizlənib. Analar övladları üçün yalnız bir qayğı mənbəyi deyil, həm də həyat yolunda işıq saçan bələdçidirlər. Onların varlığı isti günəş kimi ruhumuzu isidir, yoxluğu isə qəlbimizdə sağalmaz bir boşluq yaradır.

Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş, ömrünü elmə və insanlığa həsr etmiş bir ziyalını, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlını itirmək böyük bir itkidir. O, yalnız öz ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün nümunəvi bir insan, sadiq dost və vətəninə xidmətdə öncül alim idi.

Ananın yoxluğu insan həyatında elə bir boşluq yaradır ki, onu nə sözlə ifadə etmək, nə də başqa bir hisslə doldurmaq mümkündür. Anasız qalan ev, doğrudan da, səssiz və soyuq bir gecəyə bənzəyir. Lakin belə insanlar aramızdan ayrılsa da, onların əməlləri və xatirəsi daim qəlbimizdə yaşayır.



Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlının qızı Deputat Könül Nurullayeva sosial platforma hesabında anası haqında xatirələrin belə bölüşüb:


Əziz dostlar, dəyərli həmkarlar! Anam, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Heydər qızı Cabbarlının vəfatı ilə əlaqədar kədərimə şərik olan, mənə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Qeyd edim ki, anam ömrünün gənclik dövrünün 10 ilini Əfqanıstanda diplomat-mütərcim vəzifəsində çalışmış, həyatının 40 ildən çoxunu isə elmi fəaliyyətə həsr etmiş, peşəkar alim kimi Azərbaycan elminə töhfələrini vermişdir.

Anamın vəfatı hər birimizi dərindən sarsıtdı və qəlbimizdə silinməz izlər buraxdı. Dəyərli ziyalı, hörmətli və gözəl insan kimi onun doğma xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

Sözlərlə ifadə edilə bilməyən fədakarlığı və qarşılıqsız sevgini təsvir edin desələr mənə, hər halda mən sadəcə “ana” deyərdim.
Ana haqqı ödənməz, sevməyə ömür yetməz, bütün dünya bir olsa bir anam etməz!

Qiyməti ölçülməyən, sənə olan sonsuz sevgim!

Anamsız qaldığım 40 gün... Düz deyiblər, anasız ev səssiz gecəyə bənzəyər… Ruhun şad, məkanın cənnət olsun, gülərüz anam!
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər